Azərbaycan «Təminatlı əqdlər haqqında» qanunu qəbulu etməyə hazırlaşır

Azərbaycan «Təminatlı əqdlər haqqında» qanunu qəbulu etməyə hazırlaşır
# 04 dekabr 2012 13:57 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda təminatlı əqdlər sisteminin qüvvəyə minməsi kiçik sahibkarlara və adi vətəndaşlara ev əşyalarını girov qoymaqla kredit götürməsi imkanlarını artıracaq, kredit risklərini isə azaldacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda «Təminatlı əqdlər üzrə hüquqi islahatlar: növbəti addımlar» mövzusunda keçirilən konfransda bildirilib.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunan və müxtəlif təşkilatların nümayəndələri, həmçinin kommersiya banklarının hüquqşünaslarının qatıldığı konfransda daşınar əmlakın, o cümlədən əmtəə malları, ehtiyatlar, debitor borclar və avadanlıqların kredit üçün girov kimi istifadə edilməsinə imkan verən beynəlxalq təcrübə barədə məlumat verilib. Qeyd edilib ki, bu təcrübə sahibkarların, xüsusilə də girov qoymaq üçün daşınmaz əmlakı olmayan kiçik sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artıracaq.

Xatırladaq ki, IFC və Azərbaycan Mərkəzi Bankı sahibkarlara investisiya və inkişaf üçün lazım olan kapitalın əldə edilməsində öz aktivlərindən istifadə etmək imkanını verən «Təminatlı əqdlər haqqında» qanun layihəsi üzərində birgə iş aparır.

Qanun layihəsi qəbul olunacağı təqdirdə, ölkə vətəndaşları daşınar əmlakı girov qoymaqla kreditlər cəlb edə biləcək ki, bu da daşınmaz əmlakı olmayan sahibkar və adi vətəndaşlara kredit sistemindən faydalanmağa imkan verəcək. Konfransda qeyd edilib ki, bu sistemin işə düşməsi üçün «Təminatlı əqdlər haqqında» qanunun qəbul edilməsindən sonra ölkə qanunvericiliyinə, o cümlədən Mülki Məcəlləyə dəyişikliklər ediləcək.

Qeyd edək ki, IFC-nin Azərbaycanda və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsi çərçivəsində hazırlanan bu qanun layihəsinin qəbulu Azərbaycanda daşınar əmlakın girov reyestri sisteminin yaradılması və bununla da ölkədəki sahibkarların və kiçik müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR