Azərbaycan çempionatında daim oynayan 3 futbolçu müəyyənləşib

Azərbaycan çempionatında daim oynayan 3 futbolçu müəyyənləşib
# 26 dekabr 2012 11:14 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının 2012-ci ilə aid olan hissəsində cəmi 3 futbolçu komandasının bütün oyunlarını əvəzolunmadan keçirib. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 turdan sonra 12 klubun heyətində yalnız 3 nəfər daim start heyətində sonadək meydanda olub.


“Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli və “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev 18 qarşılaşmanın hamısında iştirak etməklə, 1620 dəqiqə meydanda mübarizə aparıb. Lakin bu 2 futbolçu ilə yanaşı, daha 1 oyunçu əvəzolunmaz statusu daşıyır.

Bu, “Neftçi”nin çilili legioneri Nikolas Kanalesdir. Premyer Liqamızın debütantı və bombardiri 17 görüşdə 1530 dəqiqə oynayıb. Bu da “Neftçi”nin 1 matçının təxirə salınması ilə bağlıdır. Lakin ümumilikdə Nikolas da Admir və Rahid kimi komandası üçün əvəz olunmadan xidmət edib.

Qeyd edək ki, Teli ümumilikdə ardıcıl 64 oyundur Premyer Liqada əvəz olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR