Azərbaycanda “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunub

Azərbaycanda “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunub
# 18 dekabr 2012 09:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunub.

Komitədən APA-ya verilən xəbərə görə, ölkə prezidentinin “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında” sərəncamına əsasən 3 dildə - ingilis, rus və Azərbaycan dillərində nəşr olunan xəritənin həcmi 210 sm-180 sm, nüsxə sayı isə hər bir dildə 25 min ədəddir.

Prezidentin sərəncamında son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması hallarının artması qeyd edilib və 1903-cü ildə Rusiyada tərtib edilmiş “Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda” xəritəsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşr olunması ilə əlaqədar göstəriş verilib.

“Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda” xəritəsi ümumilikdə bütün Qafqazı əhatə edərək, 1903-cü ildə Qafqaz Hərbi Dairəsinin litoqrafiya və hərbi topoqrafiya şöbəsində tərtib olunub. Xəritə XX əsrin lap başlanğıcında nəşr olunduğu üçün Ermənistanın əsassız iddialarına cavab vermək üçün mühüm əhəmiyyətə malikdir. Xəritədə indiki Ermənistanın bütün toponimlərinin Azərbaycan mənşəli olduğu aydın görünür: “Xəritədə bütün Ermənistan ərazisi türk mənşəli sözlərdən ibarətdir. İndiki Ermənistan ərazisi ilə müqayisədə xəritədə erməni mənşəli tək-tək yaşayış məntəqələrinə rast gəlmək olar. Dağ, çay adları isə demək olar ki, tamamilə türk mənşəlidir. Dağ və çay adları yaşayış məntəqələrindən daha əvvəl yarandığından, bu, həmin ərazilərin daha əvvəllər azərbaycanlılara mənsub olduğunu sübut edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR