Türkiyənin dövlət qulluqçuları Azərbaycanda səfərdədir

Türkiyənin dövlət qulluqçuları Azərbaycanda səfərdədir
# 11 dekabr 2012 12:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Türkiyənin Dövlət Kadrlar İdarəsi rəhbərinin köməkçisi Erdal Aydının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətinə Türkiyənin Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin və Hesablama Palatasının nümayəndələri daxildirlər.

Türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanda dövlət qulluğu sistemi barədə Komissiya əməkdaşlarının təqdimatları olub. Tədbirdə çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov iki ölkə arasında dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və 2010-cu ildən başlayaraq təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb. Sonra Komissiyanın əməkdaşları “Azərbaycan Respublikasında dövlət idarəçilik və dövlət qulluğu sistemi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul” və “Etik davranış qaydaları və xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzularında təqdimatla çıxış ediblər.

Türkiyəli dövlət qulluqçularının səfəri dekabr ayının 15-dək davam edəcək. Bu müddət ərzində qonaqlar Dövlət Sosial Müdafiə Fondunun, Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyinin, Hesablama Palatasının fəaliyyətlərini əks etdirən təqdimatlarla tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR