Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edib

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edib
# 05 dekabr 2012 13:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan nümayəndə heyətinin də qatıldığı Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dəniz Təhlükəsizliyi Komitəsinin 91-ci sessiyası işini başa çatdırıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən məlumat verili.

Toplantıda Azərbaycanı ARDDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə”yə və “Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə”yə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılıb. Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən İMO baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlərə yönəldib. Nümayəndə heyətləri tərəfindən hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi üzrə müzakirələr aparılıb.

Bununla yanaşı, K.Sekimizu çıxışında bildirib ki, 2012-ci ilin avqust ayının sonunadək olan dövr ərzində İMO Katibliyinə gəmilərə qarşı həyata keçirilmiş 247 quldurluq və silahlı basqın halı barədə məlumat daxil olub. Bu göstərici 2011-ci ilin eyni dövrü ilə müqayisədə 42% az olub. Qeyd olunan quldurluq və silahlı basqın hallarının 40%-i Şərqi Afrika və Ərəb dənizində Somali dəniz quldurları tərəfindən törədilib.

Komitənin iclasında dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, maye yüklərin və qazların təhlükəsiz daşınması, “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR