Azərbaycanda 2013-2016-cı illərdə bütün mənbələrdən əsas kapitala 90 mlrd. dollar sərmayə yatırılacaq

Azərbaycanda 2013-2016-cı illərdə bütün mənbələrdən əsas kapitala 90 mlrd. dollar sərmayə yatırılacaq
# 14 noyabr 2012 12:08 (UTC +04:00)

Belə ki, 2013-2016-cı illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsaitin 71,8 mlrd. manat (təxminən 90 mlrd. dollar) olacağı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.


Belə ki, 2013-cü ildə investisiya qoyuluşlarının 17,3% artaraq 18 mlrd. manat, növbəti 3 ildə isə 53,8 mlrd. manat olacağı, o cümlədən, xarici investisiyaların gələn il 5,2 mlrd. manat olmaqla növbəti 3 ildə 16,2 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır: «Gələn il neft sektoruna 5,5 mlrd. manat, qeyri-neft sektoruna isə 12,5 mlrd. manat investisiya yatırılacağı gözlənilir».


Əsas kapitala qoyulan investisiyalarda əhəmiyyətli xüsusi çəkiyə malik olan dövlət investisiyalarının əsas istiqamətlərini özündə əks etdirən Dövlət İnvestisiya Proqramının layihəsi də təqdim olunmuş sənədlər sırasındadır. Proqram layihəsində əsasən davam edən layihələrin başa çatdırılması prioritet olmaqla, infrastruktur, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, eləcə də sosial yönümlü layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinə, qaçqınlar və məcburi köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına və digər sosial layihələrə üstünlük verilib.


Bütövlükdə, 2013-2016-cı illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32,7 mlrd. manat vəsait qoyulacağı proqnozlaşdırılır. İnfrastruktur layihələrinə 21 mlrd. manat, nəqliyyat layihələrinə 8,7 mlrd. manat yönəldiləcək və bunun hesabına Bakı-Qars, Bakı-Böyük-Kəsik dəmir yollarının, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Bakı-Şamaxı və Hacıqabul-Kürdəmir-Yevlax 2 zolaqlı avtomobil yollarında əlavə 2 zolaqlı yolların tikintisi və s. layihələr həyata keçiriləcək.

Eyni zamanda respublika və yerli əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar, Kürdəmir-İmişli, Şamaxı-Göylər-Çöl Padar, İsmayıllı-Lahıc, Oğuz-Qəbələ, Şəki-Qax-Zaqatala, Ağstafa-Poylu-Gürcüstan sərhədi və digər avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılacaq. Son illərdə respublikanın regionlarında yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə yerli əhəmiyyətli yolların və körpülərin, o cümlədən kənd yollarının yenidən qurulması, əsaslı təmiri və tikintisinə diqqət artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR