Azərbaycan iqtisadiyyatı 2012-ci ildə - İCMAL

Azərbaycan iqtisadiyyatı 2012-ci ildə - <span style="color: red;">İCMAL
# 26 dekabr 2012 07:06 (UTC +04:00)

Hesabat ilində müşahidə olunan müsbət amillər sırasında iqtisadiyyatın qeyri-neft sektorunda yüksək templə artımı və aşağı səviyyəli inflyasiyanı qeyd etmək olar. Qeyri-neft sektorunda iqtisadi artım 11 ayın nəticələrinə görə 9,7% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz bəndi çoxdur. İllik inflyasiyanın səviyyəsi isə 11 ayda 1,2% təşkil edib ki, bu da 2011-ci ilin 11 ayına nisbətən 6,7 dəfə azdır. Eyni zamanda, mənfi amil kimi iqtisadiyyatın neft sektorunda 6,5%-lik geriləməni qeyd etmək lazımdır ki, bunun da səbəbi neft hasilatının azalması ilə bağlıdır. Belə ki, yanvar-noyabr ayları ərzində hasil edilən neftin həcmi illik müqayisədə 6,8% azalıb. Nəticədə, ümumi iqtisadi artım 1,2% təşkil edib ki, bu da 2011-ci ilin 11 ayına nisbətən 6 dəfə çox olsa da, proqnoz göstəricilərdən azdır. Belə ki, hökumətin və beynəlxalq maliyyə təşkilatlarının ÜDM-in artımı ilə bağlı illik proqnozu 2-2,5% səviyyəsindədir.

Bundan əlavə, müsbət makroiqtisadi nəticələr kimi manatın dollara qarşı məzənnəsinin 2012-ci il ərzində sabit qalmasını qeyd etmək olar. Hətta ilin əvvəlində nisbətən manat dollara qarşı 0,2% möhkəmlənib. Manatın daha da möhkəmlənməsinin qarşısının alınması məqsədi ilə il ərzində Mərkəzi Bank valyuta sterilizasiyası siyasətini davam etdirib və nəticədə ilk 9 ay ərzində valyuta sterilizasiyasının həcmi 978 mln. dollara bərabər olub. Bu addımla Mərkəzi Bank valyuta bazarında təklif və tələbatın tarazlaşmasını təmin edib.

İqtisadi xronika:

Fevral

Azərbaycan Dövlət Neft Şirkəti milli korporativ bazarında ilk dəfə olaraq avro istiqrazların emissiyasını həyata keçirib. Emissiyanın həcmi 500 mln. dollar, gəlirliyi illik 5,45%, dövriyyə müddəti 5 il təşkil edib. Buraxılışın əsas məqsədi kapital qoyuluşlarının maliyyələşməsi üçün vəsaitlərin cəlb edilməsi olub.

Azərbaycan və Serbiya hökumətləri arasında Liq-Prelina yolunun Koridor-11 sahəsinin tikintisi üçün Azərbaycan tərəfinin 300 mln. avro həcmində dövlət zəmanətli kredit ayırmasına dair saziş imzalanıb. Azərbaycan Serbiyada bu yolun tikintisi üçün krediti ilk 3 ili güzəştli olmaq şərti ilə 15 il müddətinə, illik 4%-lə ayrılıb. Avtomagistralın tikintisi Azərbaycan (əsas podratçı – «Azvirt» şirkəti) və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçirilir.

Mart

«Texnikabank» ASC-nin Müşahidə Şurasının sədri və bankın əsas səhmdarından biri olan Etibar Əliyev həbs olunub. Bundan sonra məlum olub ki, bankın maliyyə göstəriciləri normalardan kəskin aşağıdır. Bu ilin ortalarında bankın yeni menecmenti təyin olunub, bankın rebrendinqi («Bank Technique») aparılıb və hazırda bankın sanasiyası istiqamətində tədbirlər görülür.

Bakıda Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət Forumu keçirilib. Forumun əsas mövzuları sırasına iqtisadiyyatın inkişafı, onun diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, əmək bazarı, ali təhsil, həyat qabiliyyətli institutların yaradılması və s. məsələr olub.

Aprel

«Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren reytinqini «Ba1»-dən «Baa3»-dək yüksəldib. Reytinqin yüksəlməsinə səbəb olan amillər kimi dövlət maliyyəsinin möhkəmlənməsi, Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarının artması, qeyri-neft sektorunda yüksək artım tempi, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın diversifikasiyası üzrə addımların atılması göstərilib.

Sumqayıtda inşa olunmuş «Azgüntex» zavodu istifadəyə verilib. Zavodda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Yaşayış binaları, küçələr, meydanlar, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda LED yüksək texnologiyalı lampaların istehsalı da nəzərdə tutulur.

May

«Standard & Poor's» beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun ölkə və sahəvi riskləri üzrə qiymətləndirməsini başa çatdırıb və yekun qiymətini yaxşılaşdırıb. Nəticədə, Azərbaycan IX qrupdan VIII qrupa keçirilib. Bundan əlavə, iqtisadi risklər üzrə ölkə VIII qrupdan VII qrupa, sahəvi risklər üzrə isə IX qrupdan VIII qrupa keçirilib. Bu qiymətləndirmə hər bir ölkədə fəaliyyət göstərən bankın məruz qala biləcəyi risklərin səviyyəsini əks etdirir.

Azərbaycanda ilk dəfə olaraq 4G texnologiyasının tətbiqinə başlanılıb («Azercell Telekom» şirkəti tərəfindən). 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. Azərbaycanda yalnız bir neçə telefon 4G-ni dəstəkləyir. 4G texnologiyası vasitəsilə böyük həcmli faylları tez bir zamanda ötürmək, HD TV və internet vasitəsilə videoməzmunu kəsintisiz izləmək mümkündür.

İyun

İstanbulda Azərbaycanla Türkiyə arasında TransAnadolu Qaz Kəməri Layihəsinin (TANAP) həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Uzunluğu 2 min km olan kəmərlə ildə 16 mlrd. kubmetr qaz nəql ediləcək. Xəzər hövzəsi ölkələrinin qazının Avropaya çatdırılmasını təmin edəcək Cənub enerji dəhlizi ilə bağlı Avropada sonu görünməyən müzakirələr fonunda imzalanan bu müqavilə dəhlizin qurulması işlərinin sürətləndirilməsi üçün əhəmiyyətli təkan olub. Kəmər layihəsində Azərbaycan tərəfi 51%, Türkiyə 20%, «Şahdəniz» konsorsiumunun xarici üzvləri isə 29% paya malik olacaq.

Keçmiş SSRİ-nin Əmanət Bankından qalmış əmanətlərin indeksasiyası və onların qaytarılması prosesi başlayıb. Ümumilikdə, 2 mln-dan çox əmanətçini əhatə edən bu proses 2013-cü ilin sonuna kimi aparılacaq. Təxmini hesablamalara görə, bu məqsədlərə 1 mlrd. manat həcmində vəsait tələb olunacaq. Cari ilin dekabrın 1-i vəziyyətinə əmanətçilərə artıq 481 mln. manat qaytarılıb.

Azərbaycan Milli Məclisi Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib. Sənəddə geniş ictimaiyyətlə yanaşı, ölkə biznesi üçün də maraqlı olan mühüm yeniliklər nəzərdə tutulur. Məcəllənin gətirdiyi ən vacib yenilik tikintiyə icazələr və şəhərsalma fəaliyyətinin müəyyən prinsiplər əsasında sistemləşdirilməsi, proseslərin şəffaflaşdırılması, burada ictimaiyyətin rolunun artırılmasıdır. Məcələyə əsasən, tikintiyə icazə prosesində «bir pəncərə» prinsipinin, fərdi evlərin tikintisində məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulur, hətta tikintisinə icazə tələb olunmayan obyektlər də müəyyən edilib. Məcəllədə tikinti prosesi, o cümlədən təmir-tikinti fəaliyyəti ilə məşğul olan personalın peşəkarlığı və istifadə olunan tikinti materiallarının keyfiyyəti ilə bağlı yeni tələblər nəzərdə tutulub. Məcəllə əsasən 2013-cü ilin əvvəlindən, bəzi maddələri isə 2016-cı ildən qüvvəyə minəcək.

İyul

Mərkəzi Bankın qərarı ilə «Royal Bank» ASC-nin lisenziyası ləğv edilib. Bu addımın səbəbi kimi bank tərəfindən kapitala qarşı qoyulan tələblərə cavab verməməsi və kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi göstərilib. Nəticədə, bankda yerləşdirilən əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılıb ki, bu da ölkə bank sistemində ilk analoji hal olub.

«Azərbaycan Hava Yolları» QSC (AZAL) aldığı sayca ikinci olan «Boeing-767-300ER» tipli hava gəmisini qəbul edib və bununla da AZAL-ın sərnişin təyyarələrinin ümumi sayı 22-yə çatıb.

Eyni zamanda, AZAL Bakı-Təbriz marşrutu üzrə birbaşa sərnişin aviareyslərini yerinə yetirməyə başlayıb. Uçuşlar həftədə iki dəfə yerinə yetirilir.

Bakının Qaradağ rayonunda «Holcim-Azerbaijan» ASC-nin yeni sement zavodu istifadəyə verilib. Quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaq. Belə ki, 300 mln. avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişaf etməsinə töhfə verəcək.

Avqust

Mərkəzi Bankın qərarı ilə ölkə banklarının məcmu kapitalına qarşı minimal tələb 10 mln. manatdan 50 mln. manatadək artırılıb. Eyni zamanda yeni açılan bankların nizamnamə kapitalına qarşı minimal tələb də 50 mln. manata çatdırılıb. Bu addımın atılmasının səbəbi kimi ölkə bank sisteminin yeni inkişaf mərhələsinə daxil olması və bununla bağlı bankların iriləşməsi zərurəti bildirilib. Banklar 2014-cü il yanvarın 1-nə qədər məcmu kapitallarını yeni minimal həddə qədər artırmalıdır.

Sentyabr

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinin tətbiqi çərçivəsində artıq 10 ton qızıl alıb. Hazırda London banklarında saxlanılan qızılın Azərbaycana gətirilməsi üçün hazırlıq gedir. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanılacaq.

Oktyabr

Azərbaycan son 20 il ərzində ilk dəfə olaraq özünün iri energetika layihələrindəki əsas tərəfdaşı - BP şirkətinin fəaliyyətindən açıq şəkildə narazılığını bildirib. Dövlət başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev Britaniya şirkətini «Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatının aşağı düşməsində və bununla da Azərbaycanın gəlirlərinin 8 mlrd. dollar azalmasında günahlandırıb. Lakin tərəfdaşlar məsələnin bundan artıq böyüməsinə imkan verməyiblər – BP-nin Bakı ofisinin rəhbərliyi dəyişdirildi, şirkətin aparıcı mütəxəssisləri təcili surətdə Bakıya ezam olundu və qısa müddətdə hasilatın sabitləşdirilməsi proqramı hazırlandı. Bunun nəticəsində artıq dekabrda prezident İ.Əliyev Azərbaycanla BP arasında heç bir fikir ayrılığının olmadığını və tərəfdaşlığın uğurla davam etdiyini bildirib.

Noyabr

Azərbaycan prezidenti İ.Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılacaq. Park İKT, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.

Bakıda VII İnternet İdarəçilik Forumu (Internet Governance Forum, IGF-2012) keçirilib. Forumda müxtəlif ölkələrdən 1 500-dən çox nümayəndə heyəti, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri iştirak edib. Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» elan edilib.

Dekabr

Prezident İlham Əliyev 2013-cü il üçün dövlət büdcəsini təsdiq edib. Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19,159 mlrd. manat, xərcləri isə 19,850 mlrd. manat səviyyəsində təsdiqlənib. İllik müqayisədə gəlirlər 12,4%, xərclər isə 12,1% artırılıb.

Mərkəzi Bank uçot dərəcəsini 5,25%-dən 5%-dək endirib. Bunun səbəbi kimi ölkədə inflyasiyanın aşağı olması və son zamanlar bank sektorunda faiz dərəcələrinin enməsi göstərilib. Eyni zamanda, gözlənilən nəticə kimi maliyyə bazarında faiz dərəcələrinin daha da aşağı düşməsi göstərilir.

Azərbaycan Dövlət Neft Fondu yeni investisiya alətlərinin tətbiqi çərçivəsində London və Paris şəhərlərində kommersiya obyektləri alıb. Artıq Parisin Vandom meydanı,8 ünvanında yerləşən, dəyəri 135 mln. avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi, Londonda isə «West End» səmtində, Seynt Ceyms,78 ünvanında yerləşən və dəyəri 177,35 mln. funt sterlinq olan ofis kompleksi Neft Fonduna məxsusdur.

Parlament Vergi Məcəlləsinə bir sıra əlavələr edib ki, bunlardan bir neçəsi vergi siyasətinin liberallaşdırılması və vergi yükünün azaldılmasına yönəldilən addımlar kimi qiymətləndirilməlidir. Belə ki, gəlir vergisinin maksimal dərəcəsi 30%-dən 25%-dək, maksimal dərəcə tətbiq olunan aylıq gəlirin həcmi isə 2,5 min manatdan 2 min manatadək azaldılıb; sadələşdirilmiş vergi üzrə məbləğ eyniləşdirilərək fiziki və hüquqi şəxslər üçün ildə 120 min manat səviyyəsində müəyyən edilib; bütün təhsil müəssisələri ƏDV-dən azad edilib. Bundan əlavə, vergi borcu olan vergi ödəyicilərinin bank hesabına sərəncam qoyulması prosesi yumşaldılıb.

Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi və Bakı bərk məişət tullantılarının yandırılması zavodları istifadəyə verilib. Məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı ölkədə təkrar emal sahəsinin genişlənməsinə imkan yaradacaq. Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın «Cnim» şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilib. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də qoyulub: 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı «Cnim» tərəfindən həyata keçiriləcək. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaq. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln. kVt/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 mln. kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcək. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.

AZAL İtaliya istehsalı olan və ümumi dəyəri 115 mln. avro təşkil edən 10 ədəd yeni helikopter (8 ədəd «AW-139s» və 2 ədəd «AW-189s») alıb. Onlar ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq.

Ərzaq təhlükəsizliyi proqramına uyğun olaraq Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Ümumi sahəsi 4 800 hektar olan ilk fermer təsərrüfatı Ağcabədi və Beyləqan rayonlarındakı qış otlaqlarının ərazisində yaradılıb. Təsərrüfatın yaradılması üzrə layihənin ümumi investisiya dəyəri 27,6 mln. manat təşkil edir. İlk təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı nəzərdə tutulur. Gələcəkdə ölkə ərazisində belə təsərrüfatların sayının 40-50-ə çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR