Bakıda Respublika Kreativ Gənclər Forumu keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Respublika Kreativ Gənclər Forumu keçirilib   - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2012 10:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, forum Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARGTMŞ sədri Şahin Seyidzadə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin məsul şəxsi Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Forumun açılışında çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə rəhbərlik etdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası 17 illik fəaliyyəti dövründə müxtəlif təşəbbüslərə imza atıb: "Bu gün keçirilən forum da bu təşəbbüslərdən biridir. Bizim əsas məqsədlərimiz gənclərin fəaliyyətini beynəlxalq istiqamətlərdə gücləndirmək və gənclər proqramına dəstək verməkdən ibarətdir. Bu gün forumda 100-ə yaxın gəncin iştirak etməsi artıq bu layihənin yüksək səviyyədə həyata keçirilməsindən xəbər verir".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə son illər Azərbaycanda kreativ gənclərin sayının gündən-günə artdığını deyib. O bildirib ki, bu gün gənclər kreativlik şəbəkəsini artıq qura biliblər: "Əsas siyasətimiz odur ki, gənclər bu istiqamətdə keçirilən layihələrdə yaxından iştirak etsinlər. Ölkə başçısının səyi nəticəsində qəbul olunmuş dövlət proqramı gənclərin maraqlarının təmin edilməsini sürətləndirib. Bunun nəticəsində gənclərimiz dövlətin siyasətinin həyata keçirilməsində daha da yaxından iştirak edirlər. Gənclərin kreativliyini artırmaq üçün bundan sonra da ciddi işlər görülməli və onların həyata keçirilən layihələrə cəlb edilməsi təmin olunmalıdır".

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, bugünkü layihə həm də sosial sifarişdir. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan millət vəkili qeyd edib ki, bu gün ipoteka kreditləri insanlara 11 faizlə verildiyi halda gənclərə 4 faizlə verilir. Bundan əlavə, ölkədə gənclərlə bağlı dövlət proqramı və bir çox layihələr icra olunur ki, bütün bunlar da dövlətin gənclərə göstərdiyi diqqət və qayının nəticəsidir.

Forumda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin məsul şəxsi Vüsal Quliyev dövlətin gənclər siyasətinin uğura davam etdirildiyini, gənclərin dövlətin ictimai-siyasi həyatının bütün sahələrində fəal iştirakı etdiyini deyib. Onun sözlərinə görə, keçirilən forum cəmiyyətin ən aktiv təbəqəsi olan gənclərin maraqlarının ümumiləşdirilməsi, bu maraqların təmin olunmasında kreativ ideyaların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Vüsal Quliyev dövlətin ən müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyasətin gerçəkləşməsində gənclərin üzərinə mühüm vəzifə düşdüyünü və gənc təbəqənin də bu vəzifənin məsuliyyətini anladığını bildirib.

Forumun davamında ekspertlərlə gənclər arasında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ətrafında müzakirələr aparılıb. Müzakirələr əsasında gənclər Dövlət Proqramı ilə bağlı təkliflərlə çıxış ediblər. Tədbirdə "Dövlət və Gənclər proqramı", "KİV və Gənclər proqramı", və "QHTvə Gənclər proqramı" mövzusunda müzakirələr davam edib.

"KİV və Gənclər proqramı" mövzusunda çıxış edən "APA Holding"in prezidenti Vüsalə Mahirqızı bu gün ölkədə sosial medianın formalaşdığını, onun əsas istifadəçilərinin gənclər olduğunu xatırladıb. Holdinq rəhbərinin sözlərinə görə, bütün sahələrdə olduğu kimi media sahəsində də gənclərin kreativ fəaliyyət göstərməsinə ehtiyac var. V. Mahirqızı gəncləri bloggerliklə fəal məşğul olmağa çağırıb: "Gənclər özlərinə məxsus bloqlar yaratmalı, fikirlərini müstəqil formada orada paylaşmalıdır. Bundan əlavə, müxtəlif media vasitələri Gənclər və İdman Nazirliyi ilə birgə gənclərin fəaliyyəti, problemləri ilə bağlı layihələr həyata keçirməlidir".

Qeyd edək ki, tədbirdə səslənən təkliflər ümumiləşdirilərək gələcəkdə Dövlət Proqramına salınmaq üçün təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR