Zakir Qaralov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Zakir Qaralov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
# 27 noyabr 2012 16:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Baş prokuroru Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Z. Qaralov Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat verilib.

Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının təsdiq edilməsini, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını, həmçinin cari il oktyabrın 8-də Strasburqda Avropa Şurasının mənzil qərargahında təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirakını diqqətə çatdıran Baş prokuror insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar konkret işlərin görüldüyünü xüsusi vurğulayıb.

Azərbaycan Respublikasına növbəti səfərindən məmnunluğunu ifadə edən həmməruzəçilər əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildiriblər.

Görüşdə Azərbaycanla bağlı hazırlanacaq hesabat məruzəsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR