Quba şəhər Bələdiyyəsinin sabiq sədri özünü təqsirli bilmədiyini deyib

Quba şəhər Bələdiyyəsinin sabiq sədri özünü təqsirli bilmədiyini deyib
# 24 dekabr 2012 15:36 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz Rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesdə vəkillər vəsatətlə çıxış edib. Onlar dövlət ittihamçısı Əhəd İbrahimova etiraz ediblər. Hakim vəsatəti təmin etməyib.

Daha sonra proses təqsirləndirilən şəxslərdən Quba şəhər Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin ifadəsi ilə davam etdirilib. E. Əliyev özünü baş verən hadisələrdə təqsirli bilmədiyini qeyd edib.

Növbəti məhkəmə prosesi 2013-cü ilin yanvar ayının 8-ə təyin olunub.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev cinayət məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə cinayət məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.

Bu il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR