Qiymətli kağızlar bazarını fəal təbliğ edən jurnalistlər mükafatlandırılıb

Qiymətli kağızlar bazarını fəal təbliğ edən jurnalistlər mükafatlandırılıb
# 19 dekabr 2012 15:10 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə 2012-ci il üzrə kapital bazarları haqqında ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər, habelə “Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar” mövzusunda ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsinin qalibləri üçün mükafatlandırma mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə QKDK ilə yanaşı, Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və “PAŞA Bank”-ın nümayəndələri iştirak edib.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan QKDK sədri Rüfət Aslanlı Azərbaycanın son dövrlə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, bu prosesdə kütləvi informasiya vasitələrinin rolunu xüsusi olaraq qeyd edib. R.Aslanlı bu istiqamətdə ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və maarifləndirilməsi, həmçinin vaxtında və keyfiyyətli məlumatlarla təmin edilməsində müasir jurnalistikanın vacibliyini vurğulayıb. QKDK-nın sədri müsabiqənin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqaməti üzrə həyata keçirildiyini bildirərək, gələcəkdə mətbuat nümayəndələri ilə əməkdaşlığın daha da genişləndiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən “Paşa Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov “Paşa Bank” ASC-nin, QKDK ilə birgə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, belə müsabiqələrin təşkil edilməsinin artıq ənənəyə çevrildiyini bildirib. F.Axundov layihənin sosial cavabdehlik proqramı çərçivəsində maliyyələşdirildiyini və bu sahədə peşəkar jurnalistikanın inkişafına dəstəyin davam etdiriləcəyini deyib.

Komitə tərəfindən bu günə qədər həyata keçirilən tədbirlər haqqında məlumat verən QKDK-nın Aparat rəhbəri Bəxtiyar Əzizov müsabiqəyə media nümayəndələri tərəfindən yüksək maraq göstərildiyinin və müxtəlif aspektlərdə maraqlı məqalələrin təqdim edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin yekununda 2012-ci il üzrə kapital bazarları haqqında ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlərə, eləcə də ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsinin qaliblərinə diplomlar, pul mükafatları və müxtəlif hədiyyələr təqdim edilib. Mükafatlandırılanlar arasında APA informasiya agentliyinin əməkdaşı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR