Fuad Muradov: “Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yeni nə isə gözləməyə ehtiyac yoxdur”

Fuad Muradov: “Rusiya ilə Azərbaycan arasındakı  münasibətlərdə yeni nə isə gözləməyə ehtiyac yoxdur”
# 11 dekabr 2012 07:48 (UTC +04:00)

Bakı-APA. “Rəsmi Moskvanın Qəbələ RLS-in bağlanması ilə bağlı qərarından Rusiyada olan müəyyən qüvvələr Azərbaycana qarşı istifadə edəcəklər. Mən bunu istisna etmirəm, amma buna baxmayaraq, Azərbaycan müstəqil ölkədir və özünün müstəqil siyasəti var”.

Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov rəsmi Moskvanın Qəbələ RLS-lə bağlı bu gün Azərbaycanın Xarici İşlər Nazirliyinə verdiyi notanı şərh edərkən bildirib. F. Muradov Qəbələ RLS-in bağlanmasını Azərbaycan üçün müsbət hal kimi dəyərləndirib.

“Bu gün bütün dünyada radioaktiv təhlükəsizlik mövzusu çox vacib məsələlərdən biridir. Bilirsiniz ki, Qəbələ də radioaktiv təhlükə olan ərazilərdən sayılırdı. Bizim ölkəmiz üçün insan sağlamlığı çox vacib olan məsələdir. Hesab edirəm ki, normal düşüncəli insanlar bunu çox müsbət qarşılamalıdırlar. Azərbaycan üçün ən vacib məsələlərdən biri öz vətəndaşlarının sağlamlığıdır. Bu istiqamətdə işlərimizi davam etdirməliyik”, - deyə deputat vurğulayıb.

RLS-in bağlanması ilə Azərbaycanla Rusiya arasında münasibətlərdə problemlərin yaranmasına dair fikirlərə toxunan deputat qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarını nəzərə alaraq bütün öhdəlikləri yerinə yetirir.

“Rusiya ilə Azərbaycanın münasibətləri bəllidir. Bu münasibətlərdə yeni nə isə gözləməyə ehtiyac yoxdur. Uzun illər ərzində Rusiyanın Azərbaycana yanaşması necə varsa, elə də davam edir. Rusiyanın bizim ərazilərdən istifadə etməsi sırf beynəlxalq normalar çərçivəsində müəyyənləşmişdi. Burada qeyri-adi səbəb axtarmağa ehtiyac yoxdur”, - deyə deputat vurğulayıb.

Bununla yanaşı F.Muradov bildirib ki, siyasi cəhətdən həssas bir regionda yerləşən ölkəmizdə hər hansı xarici təzyiq faktorlarına qarşı cəmiyyətimizin vahid mövqe nümayiş etdirməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR