Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı şikayəti əsasında məhkəmə başa çatıb

Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı şikayəti əsasında məhkəmə başa çatıb
# 16 noyabr 2012 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qətnaməsi qəbul olunub. Qətnaməyə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv olunub və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilib. Məhkəmə belə qərara gəlib ki, işə rayon məhkəməsində yox, inzibati məhkəmədə baxılmalıdır.

Ə. Temirxan isə APA-ya açıqlamasında bildirib ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti vermək fikrindədir: “Hesab edirəm ki, bu vaxt uzatmaq üçün verilən bir qərardır. Buna görə də kassasiya şikayəti verməyi düşünürəm”.

Qeyd edək ki, Ə. Temirxan Vəkillər Kollegiyasına üzvlüyə qəbuldan imtinanın qanunsuz sayılması barədə iddia ilə əvvəlcə Nəsimi rayon Məhkəməsində müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

Onu da qeyd edək ki, Ə.Temirxan 2011-ci ildə Vəkillər Kollegiyasının üzlüyünə namizəd olmaq üçün sənəd verib. Ötən il iyun ayında keçirilən yazılı test imtahanında 62 bal toplayaraq 2-ci tura keçib. 8 dekabr 2011-ci ildə keçirilən şifahi imtahan zamanı Vəkillər Kollegiyasının sədri Azər Tağıyev onun sualları düzgün cavablandırmadığını bildirib. Nəticədə İxtisas Komissiyası Ə.Temirxanın kollegiyaya qəbul olunmaması barədə rəy verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR