"Qafqaz Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2026-cı il iyulun 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Media savadlılığının təşviqi” layihəsinin icrasına start verib.
Təşkilatdan APA-ya verilən məlumata görə, 6 ay davam edəcək layihənin əsas məqsədi gənc nəsildə tənqidi düşüncə və informasiya təhlili bacarıqlarını gücləndirmək, cəmiyyətdə dezinformasiya ilə mübarizə mədəniyyətinin formalaşmasına və informasiya təhlükəsizliyinin qorunmasına real töhfə verməkdir.
Layihə çərçivəsində ilkin mərhələdə media mütəxəssislərindən ibarət ekspert qrupu formalaşdırılacaq, tənqidi düşüncə, media etikası, manipulyasiya texnikaları və fakt-yoxlama metodologiyasını əhatə edən xüsusi təlim modulları hazırlanacaq.
Növbəti mərhələdə isə Gəncə, Goranboy, Tovuz, Qazax və Şəmkir şəhərlərində ümumilikdə 150 tələbə-gəncin iştirakı ilə yarım günlük interaktiv təlimlər təşkil olunacaq. Təlimlərdə gənclər nəzəri biliklərlə yanaşı, “Saxta xəbər laboratoriyası” simulyasiyası, “Fakt yoxlama yarışı” kimi praktik məşğələlərə cəlb ediləcəklər. Həmçinin, iştirakçılar tərəfindən “Tənqidi baxış” adlı onlayn bloq platforması yaradılacaq və burada qrup işi olaraq fakt-yoxlama yazıları paylaşılacaq.
Layihənin yekun mərhələsində toplanmış materiallar əsasında 150 ədəd maarifləndirici broşür çap edilərək regionlardakı universitet və kitabxanalarda paylanacaq, eyni zamanda vəsaitin elektron variantı onlayn platformada yerləşdiriləcək.
Layihənin monitorinqi "Qafqaz Araşdırmalar Mərkəzi" İctimai Birliyinin rəhbərliyi tərəfindən həyata keçiriləcək. Cəlb olunan tələbələr arasında sorğular aparılaraq layihənin faydalılıq əmsalı yekun hesabatda əksini tapacaq. 6 ay ərzində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə ölkənin aparıcı media resurslarında və sosial şəbəkələrdə davamlı olaraq mətn, foto və video materiallar veriləcək.