ASAİF xarici əlaqələrini genişləndirir

ASAİF xarici əlaqələrini genişləndirir
# 03 dekabr 2012 07:57 (UTC +04:00)

Bakı-APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) nümayəndələrinin Macarıstanın Azərbaycandakı səfiri cənab Jolt Çutora ilə rəsmi görüşü baş tutub. ASAİF-dən APA-ya verilən məlumata görə, görüşdə ASAIF-in baş katibi Vüsal Qurbanov və Beynəlxalq Əlaqələr üzrə katib Aynur Məmmədova iştirak ediblər. Səmimi atmosfer şəraitində keçən görüşdə cənab səfirə ilk öncə təşkilat barədə qısa məlumat verilib və daha sonra gələcək əməkdaşlıq perspektivləri barədə söhbət açılıb. Cənab səfir öz növbəsində ASAIF-lə çoxdan tanış olduğunu və təşkilatın 5-7 aprel 2012-ci il tarixində Budapeştdə baş tutan forumunu çox yaxşı xatırladığını bildirib. Daha sonra Qarabağ münaqişəsi və Ramil Səfərovun Azərbaycana ekstradisiyasından söhbət açan cənab səfir Macarıstan və Azərbaycanın tarixi oxşarlıqlarından danışıb.

 
ASAIF-in baş katibi Vusal Qurbanov öz növbəsində Macarıstan dövlətinin və Macar xalqının hər zaman Azərbaycanı dəstəklədiyinə görə cənab səfirə xaricdə oxuyan azərbaycanlı tələbələr adından öz təşəkkürünü bildirib. 
 
Bundan əlavə görüşdə gələcək əməkdaşlığın məhz təhsil sahəsində davam etdirilməsinin zəruriliyi və ikitərəfli tələbə mübadiləsinin artırılmasının önəmi vurğulanıb. 
 
ASAİF nümayəndələri həmçinin Koreyanın Azərbaycandakı səfirliyinin birinci katibi cənab Lee Won-Sik ilə görüşüblər. 
 
Görüşdə ASAIF-in baş katibi Vüsal Qurbanov, Beynəlxalq Əlaqələr üzrə katib Aynur Məmmədova və eləcə də ASAIF-in üzvü, BUTA Azərbaycan Koreya Tələbələri Təşkilatının həmtəsisçisi Eltay Aslanov iştirak edib. ASAIF haqqında məlumat verilməsi ilə başlanan görüşdə Koreya dövləti ilə gələcək inkişaf perspektivləri müzakirə edilib. Koreya və Azərbaycan arasında tələbə mübadiləsinin daha da sürətləndirilməsi, Koreya dövlətinin elan etdiyi təqaüd imkanlarından Azərbaycanlı tələbələrin daha səmərəli istifadə imkanları, gələcəkdə ASAIF-in Asiya forumunun təşkil edilməsi üzrə əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Cənab Lee öz növbəsində görüşün təfərrüatları barədə cənab səfiri məlumatlandıracağını və təşkilatla əməkdaşlıq üzrə böyük perspektivlərin olduğunu bildirib. Cənab səfir Azərbaycanlı tələbələrə ayrılan təqaüdlərin ASAIF vasitəsilə çatdırılacağını bildirib. 
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR