Bank Of Baku

Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb

Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb
# 26 noyabr 2026 22:50 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri informasiya məkanında dezinformasiya və manipulyasiya halları ilə bağlı müzakirə keçiriblər.

APA xəbər verir ki, Mətbuat Şurasının məlumatına görə, toplantıda medianın peşəkarlıq meyarlarının qorunması, jurnalistlərin etik prinsiplərə riayət etməsi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.

MŞ sədri Vüqar Zifəroğlu son günlər informasiya mühitində qərəzli yanaşma hallarının müşahidə edildiyini, bəzi media orqanlarının isə bu prosesdə alətə çevrildiyini bildirib. O, jurnalistikanın doğruluğuna və dürüstlüyünə inamın sarsılmasının bütövlükdə cəmiyyətdə etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxardığını vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə informasiya manipulyasiyalarına qarşı ictimai qınaqla yanaşı, konkret hüquqi mexanizmlərin tətbiqinin vacibliyini qeyd edib.

Müzakirələr zamanı dezinformasiyaya qarşı mübarizənin sistemləşdirilməsi, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, yanlış məlumat yayan media subyektlərinin adlarının açıqlanması və onların yaydığı məlumatların yanlışlığını ortaya çıxaran platformanın yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Eyni zamanda, dezinformasiyaya qarşı mübarizə tədbirlərinin söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməməsi üçün onların dəqiq əsaslandırılmasının vacibliyi vurğulanıb.

Toplantının yekununda Mətbuat Şurasının müvafiq bəyanatı qəbul edilib.

Bəyanatda bildirilib ki, son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmalar müşahidə olunur.

“Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir”, – deyə bəyanatda qeyd olunub.

Şura uşaqlarla bağlı məlumat və görüntülərin yayılması zamanı yol verilən etik pozuntulardan da narahatlığını ifadə edib. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanmasının və şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğu vurğulanıb.

Bəyanatda, həmçinin vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması və təqsirsizlik prezumpsiyasının pozulması ciddi problem kimi qiymətləndirilib.

“Mətbuat Şurası bəyan edir ki, jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquqlarını və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacaqdır”, – deyə bəyanatda bildirilib.

Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR