İran SQ Baş Qərargah rəisinin müavini: “İranın hava məkanını pozan hər bir təyyarə tərəfimizdən endiriləcək”

İran SQ Baş Qərargah rəisinin müavini: “İranın hava məkanını pozan hər bir təyyarə tərəfimizdən endiriləcək”
# 10 noyabr 2012 01:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Fars (Bəsrə) körfəzində ABŞ-a məxsus pilotsuz təyyarəni vurmağa cəhd göstərməsi ilə bağlı iddialara münasibət bildirib. APA-nın məlumatına görə, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri deyib ki, ölkəsi düşmənlərin quru, hava və dənizdən ehtimal olunan hər cür hücumuna sərt cavab verəcək: “İranın hava məkanını pozan və xəbərdarlığımıza əməl etməyəcək hər bir təyyarə silahlı qüvvələrimiz tərəfindən vurularaq yerə salınacaq”.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın hərbi təyyarələrinin Fars körfəzi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirən ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa cəhd etdikləri barədə məlumat yayıb. Pentaqonun rəsmi nümayəndəsi Corc Littl pilotsuz aparatın zərər görmədiyini və bazaya qayıtdığını açıqlayıb. Noyabrın 1-də baş vermiş insident haqda ABŞ prezidenti Barak Obama, müdafiə naziri Leon Panetta və Konqresin liderləri dərhal məlumatlandırılıb. Pentaqondan bildiriblər ki, İranın Rusiya istehsalı olan iki ədəd “Su-25” hərbi təyyarəsindən “MQ Predator” pilotsuz uçuş aparatına atəş açılıb: “Bizim uçuş aparatımız İran hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında hərəkət edib”. Buna baxmayaraq, ABŞ Fars körfəzinin beynəlxalq suları üzərində uçuşları davam etdirəcəyini İranın nəzərinə çatdırıb. Hətta C. Littl bəyan edib ki, lazım gələrsə ABŞ Silahlı Qüvvələri bu cür təxribatlara reaksiya verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR