Gürcüstan Yazıçılar Birliyinin sədri Azərbaycana daxil olmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını istəyir

Gürcüstan Yazıçılar Birliyinin sədri Azərbaycana daxil olmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını istəyir
# 04 dekabr 2012 14:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili ümid edir ki, Dağlıq Qarabağa səfəri etdiyi üçün Azərbaycan ərazisinə daxil olmasına qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. APA-nın xəbərinə görə, M. Qonaşvili “Novosti-Qruziya” agentliyinə bildirib ki, məsələ ilə bağlı Azərbaycan səfirliyinə və Azərbaycan Yazıçılar Birliyinə məktub göndərib və tezliklə cavab gözləyir: “Gürcüstan Xarici İşlər Nazirliyindən mənə bildirdilər ki, bir müddət Azərbaycana səfər etməkdən çəkinməliyəm. Lakin mənim Qarabağda qatıldığım tədbirdə siyasət haqqında bir cümlə də deyilməyib. Ümid edirəm ki, Azərbaycana səfərimin məhdudlaşdırılması müvəqqətidir”.

Şairə Dağlıq Qarabağa səfərinin azərbaycanlı dostlarını bu qədər kədərləndirməsindən təəssüflənib: “Ola bilsin ki, mənim əməlim Azərbaycanın qapısının üzümə qapanmasına səbəb olacaq, ancaq ən pisi o olar ki, azərbaycanlı dostlarımın ürəklərinin qapısı mənim üzümə bağlı olsun”.

Xatırladaq ki, M. Qonaşvili 17-18 noyabr tarixində Dağlıq Qarabağda keçirilən poeziya gecəsində iştirak edib. Fakta münasibət bildirən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev M. Qonaşvilinin “arzuolunmaz qonaqlar” siyahısına daxil edildiyini açıqlayıb. Səfərə Azərbaycan Yazıçılar Birliyi də sərt reaksiya verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR