“Junior Eurovision 2012”nin qalibi Ukrayna olub, Azərbaycan müsabiqənin 11-ci yerində qərarlaşıb - FOTOSESSİYA

“Junior Eurovision 2012”nin qalibi Ukrayna olub, Azərbaycan müsabiqənin 11-ci yerində qərarlaşıb - <span style="color: red;">FOTOSESSİYA
# 01 dekabr 2012 22:21 (UTC +04:00)

APA-nın Amsterdama ezam olunmuş müxbirinin məlumatına görə, şou bu il 10 illiyini qeyd edən “Junior Eurovision”un bu illər ərzindəki fəaliyyətinə həsr olunmuş xüsusi video çarxla başlayıb. Daha sonra Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsində qalib olan İsveç təmsilçisi Lorinin “Euphoria” mahnısının azyaşlı istedad tərəfindən ifası, iştirakçı ölkələrin öz dillərində salamlanmaları, rəqqasların yaddaqalan rəqs nömrəsi ilə davam etdirilib. Azərbaycan xalqını “Axşamınız xeyir Azərbaycan”la salamlayan şounun aparıcıları, daha sonra bu il müsabiqənin 10-cu dəfə keçirildiyini tamaşaçılara xatırladıblar.

İlk olaraq öz ifasını belaruslu təmsilçi Yeqor Zeşko nümayiş etdirib. Ardınca isə İsveç təmsilçisi Lova Sönerbo, Azərbaycan təmsilçiləri Ömər və Suada “Girls&Boys” mahnısı ilə tamaşaçıların alqışlarını qazanıblar. Müsabiqədə ard-arda Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukrayna, Gürcüstan, Moldova və Niderlandın azyaşlı istedadları özlərini bu səhnədə sınayıblar. Səsvermə elan olunduqdan sonra “Junior Eurovision”un icraçı rəhbəri Sietse Bakkerlə canlı bağlantı qurulub. Sietse Bakker möhtəşəm şou münasibəti ilə Avropanı təbrik edib. Səsvermə müddətində 12 ölkə təmsilçisi birgə səhnəyə çıxaraq Uşaq Hüquqlarının Qorunması üzrə Mərkəzin işini dəstəkləmək üçün “We can be heroes” (“Qəhrəman ola bilərik”) mahnısını ifa ediblər.

Azərbaycan ilk dəfə təmsil olunduğu “Junior Eurovision” yarışmasında 11-ci yeri qazanıb. Müsabiqənin birincisi Ukrayna, ikincisi Gürcüstan olub. Qalib 50% münsiflər heyəti, 50% tamaşaçı səsverməsi nəticəsində təyin olunub. Münsiflərdən Azərbaycana 2 bal, Gürcüstana isə 12 bal verilib. Belarus Azərbaycana 2, İsveç 3, Belçika 1, Rusiya 3, Albaniya 10 bal, Ukrayna 5, Gürcüstan 8 bal verib. Bu ilin qalibi Ukrayna təmsilçisi Anastasiya Petryk bir çox ölkədən ən yüksək bal olan 12 balı qazanıb.

Azərbaycan 12 xalını Albaniyaya verib. Bu ildən etibarən müsabiqədə münsiflər heyəti təyin edilib və bu heyətdə yalnız iştirakçı ölkələrdən uşaqlar təmsil olunub.

Şou 12 iştirakçı ölkədə, eyni zamanda Avstraliyada canlı yayımlanıb. Yayım zamanı dəfələrlə problemlər və xətdə kəsilmələr yaşanıb. Bu hal Azərbaycanın səsverməsi zamanı da yaşanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR