KfW Bankı Azərbaycana yeni irihəcmli kredit ayırıb

KfW Bankı Azərbaycana yeni irihəcmli kredit ayırıb
# 20 dekabr 2012 13:31 (UTC +04:00)

«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, sazişlər KfW Bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller, Azərbaycanın maliyyə naziri Samir Şərifov, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən imzalanıb.

Sazişlərə əsasən, KfW Bankı Azərbaycan hökumətinə 105,5 mln. avro həcmində vəsait ayıracaq. Bunun 102,5 mln-u kredit, 3 mln-u isə qrant şəklində təqdim olunacaq. İmzalanmış sazişlərə görə, vəsaitdən 102 mln. avro su təchizatı və kanalizasiya layihələrinin icrası məqsədilə «Azərsu» ASC-yə, 3,5 mln. avro isə kadastr layihələrinin icrası üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılacaq.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov hökumətin infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə 380 mln. avro həcmində maliyyə yardımı edilib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 44% artdığını xatırladan baş nazirin müavini bu göstəricinin ikitərəfli əməkdaşlığın dinamik inkişafından xəbər verdiyini vurğulayıb.

Almaniya bankının Avropa və Asiya ölkələri üzrə baş direktoru Roland Siller isə bankın Azərbaycan hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərək qeyd edib ki, indiyədək bank infrastruktur və özəl sektorun dəstəklənməsi layihələrində yaxından iştirak edib və bundan sonra da bu missiyanı davam etdirəcək: «Almaniya bankının maliyyə yardımı ilə reallaşdırılan Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 500 minə yaxın Azərbaycan vətəndaşının içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaq».

Qeyd edək ki, «Açıq Kommunal İnfrastruktur Proqramı II» üzrə imzalanmış sazişlər Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsini nəzərdə tutur. Bu məqsədlə ayrılan 102 mln. avro (100 mln. avro kredit, 2 mln. avro qrant) vəsaitin 43 mln-u Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 mln-u hər iki şəhərdə çirkab suların təmizlənməsi qurğularının inşasına sərf olunacaq. Qalan 2 mln. avro isə (qrant) Gəncə və Şəki Sukanal idarələrinin 2 il müddətinə idarə edilməsinə sərf olunacaq.

«Açıq Kommunal İnfrastruktur Proqramı II» layihəsinin birinci mərhələsində Şəki şəhərində su mənbəyinin bərpası, magistral boru xətləri və yeni su anbarlarının inşası, Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması nəzərdə tutulub. Artıq Şəki şəhərində birinci mərhələ üzrə işlər yekunlaşıb, Gəncədə isə işlərin böyük əksəriyyəti yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR