İtaliya Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

İtaliya Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir
# 05 dekabr 2012 13:38 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Bakıda səfərdə olan İtaliyanın nümayəndə heyəti ilə görüş keçirilib. İtaliyanın, o cümlədən Roma və onun yerləşdiyi Latsio regionunun 15-20 şirkətini təmsil edən 25-30 nəfərlik nümayəndə heyətinə İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti xanım Manuela Tralda rəhbərlik edib.

Görüşə İtaliyadan kənd təsərrüfatı – yeyinti məhsulları istehsal edən, bitkiçilik sahəsi, mebel və təchizatçılıq sahəsi, xüsusilə də mətbəx mebeli, İKT, tikinti, sənaye, mədəniyyət, turizm, bankçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri qatılıb. Görüş zamanı qurumlar arasında institusional əlaqələrlə yanaşı, şirkətlərarası əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşdə ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda son illər neft sektoru ilə yanaşı qeyri-neft sektoru da sürətlə inkişaf edir. Azərbaycanda qeyri-neft sektorunun - kənd təsərrüfatı, toxuculuq, qida sənayesinin inkişaf etdirilməsinin əsas istiqamət olduğunu bildirən M.Musayev xeyli sayda xarici şirkətlərin bu sahələrə investisiya yatırdığını deyib və İtaliya şirkətlərini də fəal tərəfdaşlığa dəvət edib.

İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti xanım M.Tralda isə bildirib ki, səfərin əsas məqsədi təkcə Azərbaycan iqtisadiyyatına italyan şirkətlərinin investisiya yatırması deyil, həmçinin Azərbaycan şirkətlərinin də İtaliya bazarına çıxışına imkan yaratmaqdır. İtaliyada 4,5 mln-dan çox müəssisə və şirkətin fəaliyyət göstərdiyini deyən M.Tralda ölkələrinin maliyyə böhranı ilə üzləşməsini əsas gətirərək yeni bazar axtardıqlarını dilə gətirib. İki ölkə arasında ticarət dövriyyəsinin 315 mln. dollar olması İtaliya hökumətini qane etmədiyini deyən M.Tralda gələcəkdə qarşılıqlı əməkdaşlıq sahəsində bu rəqəmin daha da artacağına ümid etdiyini bəyan edib.

Görüşdə iştirak edən digər italiyalı iş adamları da öz biznesləri haqqında ətraflı məlumat verərək bildiriblər ki, Azərbaycan bazarı onlar üçün maraqlı olduğu üçün burada öz ofislərini açmaq istəyirlər.

Görüşün sonunda hər iki ölkə arasında bundan sonra da ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılığa gəlinib. İki ölkənin sahibkarlarının gələcəkdə səmərəli əməkdaşlıq qurması üçün İtaliya və Azərbaycana səfərlər təşkil edilməsi məqsədə uyğun hesab olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR