Nazirlər Kabineti dağınıq skleroz xəstələri ilə bağlı qaydaları və standartları təsdiq edib

Nazirlər Kabineti dağınıq skleroz xəstələri ilə bağlı qaydaları və standartları təsdiq edib
# 06 dekabr 2012 08:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları"nı təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" Azərbaycan ərazisində dağınıq skleroz xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini tənzimləyir.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir. Səhiyyə Nazirliyi hər il dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicəsi və müayinəsi ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Maliyyə Nazirliyinə təqdim etməlidir. Pulsuz dərman preparatları və inyeksiya vasitələri ilə təmin olunmaq üçün dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edərək, xəstəlik haqqında sənədlərini təqdim etməlidirlər.

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”na əsasən isə sözügedən xəstəliyə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi Səhiyyə Nazirliyinin təsdiq etdiyi dağınıq sklerozun diaqnostikası və müalicəsi üzrə klinik protokolla müəyyənləşdirilir. Bu xəstələrə ambulator-poliklinika tibbi yardımı, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq profilli tibb müəssisələri tərəfindən həyata keçirilir. İxtisaslaşdırılmış tibbi yardım dağınıq sklerozun müxtəlif əlamətləri olan, müəssisələrin dispanser qeydiyyatı qruplarına aid edilən və xüsusi müalicə, sağlamlaşdırma və reabilitasiya üsulları tələb olunan xəstələrə göstərilir.

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi xidmətlər göstərən hər bir dövlət tibb müəssisəsi təchizat cədvəlinə uyğun olaraq texniki şərtlərə, normativ sənədlərə cavab verən müvafiq növ xidmətlərin lazımi keyfiyyətini təmin edən tibbi və texnoloji avadanlıq və cihazlarla təchiz olunur. Tibb müəssisəsinin rəhbəri dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan xüsusiləşdirilmiş yardımın və tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsinə cavabdehlik daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR