Azərbaycanda icra başçısı ilə dava edən polis əməkdaşı işdən qovulub

Azərbaycanda icra başçısı ilə dava edən polis əməkdaşı işdən qovulub
# 14 dekabr 2012 09:08 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) və DİN-in Daxili təhqiqatlar idarəsinin birgə araşdırmaları nəticəsində məlum olub ki, dekabrın 9-da saat 15:00 radələrində Gəncə şəhər BPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Vüqar Sultanov xidmətdən kənar vaxtda olmasına baxmayaraq, özünə məxsus “KİA” markalı avtomobili sərxoş vəziyyətdə idarə edərək şəhər ərazisindəki “Xatirə” parkının girişində Nizami rayon İcra Hakimiyyəti işçiləri ilə heç bir tutarlı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq onlara qarşı kobudluq etməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verib.

Polis baş serjantı bununla da DİN-in hazırda qüvvədə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin bir sıra tələblərini kobud surətdə pozub. Göstərilənləri və onun üzərində əvvəllər də töhmət intizam tənbehi olmasını nəzərə alaraq Gəncə şəhər BPİ-nin rəisinin imzaladığı əmrlə V.Sultanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan Vüqar Sultanov onlara yaxınlaşıb. O, icra başçısını tanısa da, iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR