Ramin Mehmanpərəst: “İran PKK ilə mübarizədə Türkiyənin yanındadır”

Ramin Mehmanpərəst: “İran PKK ilə mübarizədə Türkiyənin yanındadır”
# 26 dekabr 2012 12:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın Türkiyədəki səfirliyində mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, R.Mehmanpərəst bildirib ki, bölgə ölkələrindəki həqiqətlər olduğu kimi əks etdirilmir: “Orta Şərqlə bağlı həqiqətlərin region ölkələrinin öz mətbu orqanları vasitəsilə dünyaya çatdırılması lazımdır. Müxtəlif mətbu orqanlar xalqımız və rəsmilərimizlə bağlı xəbərlər dərc edib. Bu xəbərləri də dərc edərkən kifayət qədər diqqətli olmayıblar. İki ölkə arasındakı rəsmilərin fərqli fikirləri olub. Buna da İranla Türkiyənin ictimaiyyəti həssaslıqla yanaşıb. Əgər ölkələrimizdəki mətbu orqanlar daha çox maraq göstərsə, ictimaiyyətdəki sual işarələrinin cavablarını birbaşa tapa bilərlər”.

İranla Türkiyə arasında NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirəcəyi “Patriot” raketləri ilə bağlı yaranmış fikir ayrılığına toxunan R.Mehmanpərəst deyib ki, rəsmi Tehran bölgədə sabitliyi təmin etmək istəyir: “Sabitlik bütün bölgə ölkələrinin xeyrinədir. Qərb ölkələrinin bölgədə olmasını tərəddüdlə qarşılayırıq. Qərbin hərbi mövcudluğu bölgədə qeyri-sabitliyə səbəb olur. Bu da xalqımızın zərərinədir. Qərb ölkələrinin prioritet hədəfi İsraili müdafiə etməkdir. Bu səbəbdən bölgə ölkələrinə hərbi müdaxilə üçün bəhanə axtarırlar. Bölgədə xarici ölkələrin mövcudluğuna ehtiyac yoxdur, böhranları həll etmək üçün bir-birimizin köməyinə ehtiyac var. Suriya xalqı öz gələcəyini seçki qutularında müəyyənləşdirməlidir. Bu səbəbdən azad seçkinin keçirilməsi vacibdir. Suriya xalqının öz qərarını verməsi üçün Türkiyə və İran dəstək olmalıdır. Xalqımızın hərbi müdaxiləyə qarşı olan həssaslığını bəyan etmişik”.

R.Mehmanpərəst Türkiyə rəsmilərinin PKK terror təşkilatı ilə bağlı İranın mövqeyini tənqid etməsinə də münasibət bildirib: “PKK terror təşkilatının İranla əlaqəsi olduğuna dair fikirlər var. Biz hər cür terroru pisləyirik, terrorçu təşkilatlarla mübarizədə Türkiyənin yanındayıq. Bu sahədə ortaq əməkdaşlıq proqramımız davam edir. Türkiyə rəsmiləri də bunu vurğulayıblar”.

İran rəsmisi Qərb ölkələrinin Tehrana sanksiya tətbiq etməsinin səbəbinin dinc məqsədli nüvə fəaliyyətləri olduğunu söyləyib: “İranın sülh məqsədli nüvə fəaliyyətləri beynəlxalq konvensiyalara və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nizamnaməsinə uyğundur. Biz bölgə ölkələrini Buşəhr Atom-Elektrik Stansiyasına səfər etmək üçün dəfələrlə dəvət etmişik. Bizim nüvə fəaliyyətimiz on ildir gündəmdədir, amma ABŞ bizə 32 ildir sanksiya tətbiq edir. Nüvə fəaliyyətləri bir bəhanədir. Onlar İrandakı islam inqilabından narahatdırlar. Sanksiyalarla xalqımızın hökumətə dəstəyini kəsəcəyini düşünür, amma yanılırlar. Dünyanın elm sahəsində inkişaf etmiş arasında on ölkə içindəyik. Bizə tətbiq etdikləri sanksiyaların son mərhələsi neftimizə yönəlib. Eyni zamanda bankçılıq sahəsinə də sanksiya var. Bildiyiniz kimi, bir ölkəyə tətbiq oluna biləcək ən üst səviyyə sanksiya budur. Xalqımız təhdidi fürsətə çevirməyi öyrənib. Neft sanksiyası məsələsində də belə oldu. Ölkəmizin neftdən asılılığını aradan qaldırmaq səylərimiz davam edir. Neft gəlirlərindən asılılıq 42%-dir. Bu, 2013-cü ildə 30%-ə düşəcək. Bir neçə il sonra neft gəlirlərinə bağlılıq tamamilə aradan qaldırılacaq. Türkiyə ilə ticarət dövriyyəmiz 2011-ci ildə 16 milyard dollar idi, 2012-ci ilin ilk 10 ayında isə 19,6 milyard dollara yüksəldi. Məqsədimiz 2015-ci ildə bunun 30 milyard dollara yüksəlməsidir. Potensiala baxdığımızda bunun olacağına inanıram. Neft və təbii qaz ixracımız daha 150 il davam edəcək. Dünyada uzunmüddətli enerji qaynağı olan etibarlı bir neçə ölkədən biriyik. İranı enerji məsələsində çıxdaş etmək mümkün deyil. Türkiyə ilə ixrac məsələsi ilə bağlı yaranmış qiymət problemində də qısa müddətdə razılaşacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR