Dehlidə polis nümayiş iştirakçılarına qarşı güc tətbiq edib

Dehlidə polis nümayiş iştirakçılarına qarşı güc tətbiq edib
# 22 dekabr 2012 14:28 (UTC +04:00)

Bakı - APA. Hindistanın paytaxtı Dehli şəhərində polis qadınların hüquqlarının bərabərliyi tələbi ilə keçirilən nümayişi suatanlar və gözyaşardıcı qazla dağıdıb. APA-nın məlumatına görə, altıncı gün davam edən nümayiş bir həftə bundan əvvəl qrup şəklində törədilən zorlanma hadisəsi ilə bağlı keçirilib.


Bu cinayət hadisəsi ictimaiyyətdə böyük rezonansa səbəb olub. Nümayişçilər qadınların təhlükəsizlik səviyyəsinin aşağı olmasından narazıdırlar və cinayətkarlar üçün ölüm hökmünün çıxarılmasını tələb edirlər.


Bu gün bir neçə yüz nümayişçi prezident sarayının qarşısına getmək istəyiblər, lakin polis onların qarşısını alıb. Nəticədə, iğtişaşlar baş verib və qarşıdurmada bir neçə nəfər xəsarət alıb.


Yerli KİV-in məlumatına görə, cinayətin 23 yaşlı qurbanı hələ də reanimasiyadadır. Cinayəti törədən altı nəfərin hamısı artıq həbs olunub. Ölkə hökuməti cinayətkarlar üçün ömürlük həbs cəzasına nail olmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə və zərərçəkmişin müalicə xərclərini ödəməyə söz verib. Yerli qanunlara əsasən, zorlamaya görə maksimal cəza 10 il azadlıqdan mərhum etməni nəzərdə tutur. Qeyd edilir ki, Dehlidə ölkədə ən çox sayda bu cür cinayətlər törədilir. Bu il ərzində bunların sayı 661 təşkil edib ki, bu da ölkənin ikinci iri şəhəri olan Bombeylə müqayisədə 3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR