Türkiyəli ekspert: “Seçkidən sonra ölkədə təhlükəsizlik problemi ortaya çıxdı” - MÜSAHİBƏ

Türkiyəli ekspert: “Seçkidən sonra ölkədə təhlükəsizlik problemi ortaya çıxdı” - <span style="color: red;">MÜSAHİBƏ
# 07 sentyabr 2015 19:53 (UTC +04:00)

- 2011-ci ildəki seçkidən sonra olduğu kimi, 7 iyundakı seçkidən sonra da Türkiyədə terror aksiyalarının sayı xeyli artdı. Bunun səbəbi nədir?

- 7 iyundakı seçkidən sonra Türkiyədə ciddi şəkildə təhlükəsizlik məsələsi ortaya çıxdı. Bunun 3 səbəbi var: birincisi, Halkların Demokratiya Partiyasının (HDP) seçkidə 10%-lik bariyeri keçərək, 80 mandat qazanmasıdır. PKK terror təşkilatı bundan həm ruhlandı, həm də təşəbbüsün mülki siyasətin əlinə keçməsini istəməyərək öz varlığını davam etdirməyə çalışdı. İkincisi, Suriya və İraqda cərəyan edən hadisələrlə bağlıdır. PKK-nın oralarda güc qazanması Türkiyədəki aksiyalarını artırmasına səbəb oldu. Üçüncüsü, fevralda İstanbuldakı Dolmanbahçe sarayında imzalanan razılaşmayla hökumətin terror təşkilatına geniş manevr sahəsi buraxmasıdır. Bütün bunlara bir yerdə baxanda Türkiyədə terror aksiyalarının sayının artmasının səbəbi bəlli olur. Mən bu gedişatla terror aksiyalarının sayının daha da artacağını düşünürəm. Bunun əsas səbəbi isə Orta Şərqdəki hadisələrin terror təşkilatının leyhində cərəyan etməsidir.

- Terror hadisələrinin artmasının başqa bir səbəbi də xarici qüvvələrin Türkiyəni bölgədə cərəyan edən proseslərdən uzaq tutma niyyəti ola bilərmi?

- Türkiyə bölgədə təkcə PKK terroruna qarşı yox, həm də DAEŞ terroruna qarşı mübarizə aparmaq məcburiyyəti ilə üz-üzə qalıb. Proseslərə bu prizmadan baxanda Türkiyə üçün ciddi təhlükəsizlik problemlərinin olduğunu görməmək mümkün deyil. İstər PKK, istərsə də DAEŞ terroruna qarşı mübarizədə Türkiyənin dəqiq konsepsiyaları və aktiv fəaliyyət proqramları olmalıdır. Bunlar olmadan terror təşkilatlarının ölkədə daha ciddi təhlükəsizlik problemləri yaradacağını təxmin etmək olar.

- PKK terrorunun ölkədə təhlükəsizlik problemi yaratmasında hökumətin qanunlarda etdiyi dəyişikliklərin mənfi mənada rolu oldumu?

- Mənfi rolu oldu. Terrorla mübarizə qanununda dəyişiklik edilərək, jandarma qüvvələri istisna olmaqla, səlahiyyət tamamilə valilərə verildi. Valilərin razılığı olmadan hərbi əməliyyatlar keçirmə səlahiyyətinə sahib olmayan hərbi qüvvələrin əli-qolu bağlı vəziyyətdədir. Digər tərəfdən, Türk ordusuna qarşı aparılan psixoloji əməliyyatlar, saxta kağızlarla ordu mənsublarının uzun illər həbsdə qalandan sonra ordudan uzaqlaşdırılmaları, Baş Qərargah rəisinin “terror təşkilatı qurmaq və idarə etmək” suçlamasıyla 26 ay həbsdə qalması v.s. ordunun əhval-ruhiyyəsini pozdu, terror təşkilatının əhval-ruhiyyəsini yüksəltdi. Yaranmış vəziyyətdə ordunun prosesləri müşahidəçi kimi müşahidə etməsi ölkədəki təhlükəsizlik problemini daha da dərinləşdirəcək.

- Terror aksiyalarının sayının artmasını dayandıraraq, onu minimum səviyyəyə endirmək, daha sonra tamamilə bitirmək üçün hökumət hansı radikal addımları atmalıdır?

- Görünən odur ki, indi hökumət üçün əsas məqsədi 1 noyabrda keçirilməsi planlaşdırılan seçkidən qalib çıxmaq və yenidən təkbaşına iqtidar olmaqdır. Terror aksiyalarının sayını minimuma endirib terroru ölkədən tamamilə təmizləmək üçün hökumət siyasi iradə nümayiş etdirməlidir. 31 ildən bəri davam edən terror aksiyaları ölkənin iqtisadiyyatına kifayət qədər zərər vurub və vurmağa davam edir. Bu şəraitdə ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biri olan turizm sektorunun inkişafı və sektora yeni investisiyalar cəlb etmək mümkün görünmür. Türkiyənin təhlükəsizliyini təmin etmək üçün hökumətin bütün addımları çəkinmədən atması yaranmış vəziyyəti dəyişdirə bilər. Əks təqdirdə proseslərin ölkəyə daha çox ziyan vuracağı ehtimalı davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR