Əli Əkbər Salehi: “ABŞ rəsmilərinin sözlərinə etimad etmək olmaz”

Əli Əkbər Salehi: “ABŞ rəsmilərinin sözlərinə etimad etmək olmaz”
# 18 dekabr 2012 09:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ rəsmilərinin sözlərinə etimad etmək olmaz”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-la İran arasında müzakirələrin bərabər şərtlərlə keçirilməsi tərəflərin bir-birinə sədaqətli olması vəziyyətində mümkündür: “Hansısa bir tərəfin təzyiq və düşməncə mövqeyini sürdürdüyü mühitdə birbaşa müzakirə kimi planlar mənasızdır. Müzakirə problemlərin həlli üçün vacib bir yoldur. İran ABŞ-ın siyasətini və mövqeyini çox diqqətlə izləyir. Amma indiyədək ABŞ-ın İran qarşısındakı düşməncə siyasətinin dəyişdiyi görülməyib”.

Ə.Salehi deyib ki, ABŞ-ın siyasəti ziddiyyətlərlə doludur: “ABŞ bir tərəfdən Əfqanıstanda xalqa dayalı milli bir hökumətin qurulması mövzusunda İranın müsbət mövqeyini təriflədiyini bildirir, digər tərəfdən də İranın adını sözdə “şər oxu” ölkələr siyahısında tutduğunu söyləyir”.

Nazir həmçinin vurğulayıb ki, ABŞ-a məxsus pilotsuz təyyarənin İranın hava məkanını pozması, Ağ Evin hələ də Tehrana qarşı birtərəfli sanksiyalarını davam etdirməsi, İranın qabaqcıl elm adamlarına qarşı sui-qəsdlərin təşkilində əməkdaşlıq etməsi rəsmi Vaşinqtonun Tehranla görüşmək mövzusunda səmimi olmadığını göstərir.

Ə.Salehi bildirib ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yaxın bir neçə həftə içərisində başlayacaq: “Görüşün zamanı hələ dəqiqləşməyib. Ümid edirəm ki, “altılıq” ölkələri İranın qanuni haqlarını diqqətə alar. Tehran öz haqqından çoxunu istəmir. Çünki dinc məqsədli nüvə enerjisindən faydalanmaq İranın haqqıdır və bu hüququndan geri addım atmayacaq”.

Nazir bu il dekabrın 13-də İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında keçirilən görüşün konstruktiv və qənaətbəxş olduğunu deyib: “Hər iki tərəf də ortaq fikrə gəliblər. Hazırda İranla agentlik arasında müzakirə olunası iki məsələ qalıb. Bu məsələlər də 2013-cü il yanvarın 16-da keçirilməsi planlaşdırılan növbəti danışıqlar zamanı müzakirə olunacaq”.

Ə.Salehi həmçinin NATO-nun Türkiyə-Suriya sərhədinə “Patriot” raketləri yerləşdirməsi məsələsinə də toxunub: “Bu addım önləyici deyil, təhrikedici xarakter daşıyacaq. Türkiyədə bu tip raketlərin yerləşdirilməsi regionda təhlükəsizliyin bərqərar olunmasına heç bir yardım göstərməyəcək və bu metodla hədəfə çatmaq qeyri-mümkündür”.

Qərbin Suriya prezidenti Bəşər Əsədi devirmək ssenarilərinə də münasibət bildirən nazir vurğulayıb ki, zorakılıqla və günahsız xalqın qanını axıtmaqla qurulacaq yeni hökumət davamlı olmayacaq: “İranın Suriyadakı böhranın həlli məqsədilə təklif etdiyi 6 maddəlik plan Suriya xalqının istəklərinə əsasən hazırlanıb. Həll planına görə, Suriya xalqı yekun qərarı verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR