Azərbaycan fond bazarının həcminin qeyri-neft ÜDM-ə nisbəti bu il 41%-ə çatıb

Azərbaycan fond bazarının həcminin qeyri-neft ÜDM-ə nisbəti bu il 41%-ə çatıb
# 14 noyabr 2012 12:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qiymətli kağızlar bazarı fəaliyyətini kapital bazarlarından maliyyələşmə templərinin artımı və inflyasiyanın bir rəqəmli səviyyədə saxlanılması siyasəti fonunda davam etdirib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 9 ayın yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.


Hesabatda qeyd olunub ki, cari ilin ilk 9 ayında qiymətli kağızlar bazarı 34% artaraq 8,2 mlrd. manat təşkil edib: «Nəticə etibarilə, qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin qeyri-neft ÜDM-ə nisbəti cari ilin 9 ayı ərzində 41% təşkil edib».


Cari il ərzində həmçinin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə prosesində artım müşahidə edilib. Belə ki, cari ilin 9 ayında qiymətli kağızların ilkin bazarı 1,4 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.


«Hesabat dövründə Mərkəzi Bankın notları bazarı, eləcədə onlarla aparılan repo əməliyyatlarının artımı nəticəsində bütövlükdə dövlət qiymətli kağızları bazarında canlanma müşahidə olunub. Belə ki, cari il ərzində dövlət qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artaraq 7,3 mlrd. manat təşkil edib. Hesabat dövrü ərzində Mərkəzi Bankın qiymət stabilliyinin qorunub saxlanması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə verib. Belə ki, cari ilin 9 ayı ərzində Mərkəzi Bankın notlarının ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%, təkrar bazarı isə 31% artıb ki, bu da ümumilikdə not bazarının 35% artaraq 740,1 mln. manata çatması ilə nəticələnib. Bununla yanaşı, Mərkəzi Bankın notları ilə keçirilmiş repo/əks-repo əməliyyatlarının həcmi hesabat dövründə 46% artaraq 6,4 mlrd. manat təşkil edib», - deyə hesabatda bildirilir.


Hesabatda həmçinin qeyd olunub ki, ilin əvvəlindən bəri Maliyyə Nazirliyi tərəfindən aparılan konservativ borclanma siyasəti dövlət qiymətli kağızlarının seqmenti olan dövlət istiqrazları bazarında əməliyyatların dinamikasına həm ilkin bazarda, həm də təkrar bazarının azalması ilə nəticələnib. Belə ki, cari ilin 9 ayında dövlət istiqrazlarının ilkin bazarında 58%, təkrar bazarında isə 66% geriləmə qeydə alınıb və nəticədə bazarın bu seqmenti bütövlükdə 59% azalaraq 99 mln. manata çatıb.


Korporativ qiymətli kağızlar bazarına gəldikdə, 2012-ci ilin 9 ayı ərzində bu bazarın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% azalaraq 896,6 mln. manat təşkil edib.


«Cari il ərzində səhm bazarının dinamikasında əhəmiyyətli canlanma müşahidə olunub. Belə ki, 2012-ci ilin 9 ayı ərzində səhmlərin ilkin bazarında yerləşdirmələrin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə, təkrar bazarı isə 63% artım nümayiş etdirib. Hesabat dövründə bütövlükdə səhm bazarı 3,3 dəfəlik artım qeydə alınıb və əməliyyatların həcmi 396 mln. manat təşkil edib», - deyə hesabatda qeyd olunub.


Hesabat dövründə korporativ istiqrazların ilkin bazarının ənənəvi olaraq böyük hissəsini təşkil edən, təkrar bazarda isə yüksək likvidliyi ilə seçilən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları ilə əməliyyatların həcminin azalması bütövlükdə borc bazarının dinamikasına mənfi təsir edib. Belə ki, dövr ərzində AİF tərəfindən emissiya olunan istiqrazların həcmi 50%, ilkin bazarı 62%, təkrar bazarı isə 32% azalıb. Nəticədə, korporativ istiqrazların ilkin bazarında əqdlərin həcmi 55%, təkrar bazarında isə 9% azalıb və bazarın bu seqmenti bütövlükdə 37% geriləyərək 500 mln. manat təşkil edib. Lakin, qeyd olunan bazarda əməliyyatların həcmində müşahidə olunan azalmaya baxmayaraq, əqdlərin sayında 15%-lik müsbət dinamika qeydə alınıb.


Hesabat dövründə korporativ qiymətli kağızlar ilə mütəşəkkil bazarda keçirilmiş əməliyyatların həcmində artım qeydə alınıb. Belə ki, səhmlərlə Bakı Fond Birjasının platformasında keçirilmiş əqdlərin həcminin bütöv bazarın həcminə nisbəti ötən ilin 9 ayının göstəricisi olan 72%-dən 87%-ə, korporativ istiqrazlar üzrə bu göstərici isə 51%-dən 57%-dək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR