DSX rəisi: “Bu il xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 Azərbaycan, 2 xarici ölkə vətəndaşı saxlanılıb”

DSX rəisi: “Bu il xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 Azərbaycan, 2 xarici ölkə vətəndaşı saxlanılıb”
# 14 dekabr 2012 09:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. “Bu il Dövlət Sərhəd Xidməti üçün döyüş hazırlığı, dövlət sərhədlərinin mühafizəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir silah və texnika ilə təchizat baxımından uğurlu olub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətində (DSX) 2012-ci ilin yekunlarına həsr olunan tədbirdə xidmət rəisi, general-leytenant Elçin Quliyev deyib. E. Quliyev DSX-nin xüsusi tapşırıqlarının icrası üçün yeni silah və texnikaların ölkəyə gətirilərək yerləşdirilməsinin təmin olunduğunu, Yevlaxda yeni hərbi hissə açıldığını bildirib.

E. Quliyev Azərbaycan prezidenti tərəfindən Naxçıvan Sərhəd Dəstəsinin Culfa komendantlığına, Lənkəran dəstə qarnizonuna, Yevlaxda hərbi hissəyə baxış keçirildiyini xatırladıb. Qeyd olunub ki, bu il 421 binadan ibarət 41 kompleksdə tikinti işləri aparılıb, zabitlərin mənzillə təminatı üçün 1226 mənzil inşa edilib.

DSX rəisi daha sonra bildirib ki, bu il dövlət sərhədinin mühafizəsi çərçivəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 Azərbaycan, 2 xarici ölkə vətəndaşı saxlanılıb. O cümlədən xarici terrorçu qrupların tərkibində təlimlər keçmiş və döyüşlərdə iştirak edən 10 nəfər saxlanılıb.

Onun sözlərinə görə, bu il sərhəd naryadlarına qarşı sərhəd pozucuları tərəfindən 10 halda silah tətbiq edilib. Sərhəd naryadlarının təlimata uyğun həyata keçirdikləri tədbirlər nəticəsində 1 İran vətəndaşı yaralanıb, 1-i isə dünyası dəyişib.

E. Quliyev onu da qeyd edib ki, bu il DSX əməkdaşları tərəfindən axtarışda olan 1896 nəfər tutulub. Ötən il isə bu rəqəm 1415 olub. Bu il 4836 nəfərin ölkədən kənara çıxmasına icazə verilməyib. DSX əməkdaşları tərəfindən 7 milyon 856,9 min manat məbləğində qaçaqmal tutulub.

DSX rəisinin sözlərinə görə, dəniz sərhədçiləri bu il 3 halda dənizdə xilasetmə fəaliyyəti həyata keçirib, 11 nəfər xilas olunub.

E. Quliyev bu il Azərbaycan dövlət sərhədlərinin mühafizəsinə təsir göstərən amillərdən də danışıb. Xidmət rəisi buraya ölkə ərazilərinin bir hissəsinin işğal altında olmasını, bu yöndə İranla sərhədin mühafizəsiz qalmasını, Ermənistanla dövlət sərhədində döyüş şəraitinin mövcudluğunu, müqabil ölkənin xüsusi xidmət orqanlarının kəşfiyyat pozuculuq fəaliyyətini, ölkə ərazisindən tranzit olaraq istifadə olunmasını, müəyyən separatçı qüvvələrin respublikaya qarşı fəaliyyətlərini və s. aid edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR