Ən çox jurnalist həbs edilən ikinci ölkə İrandır

Ən çox jurnalist həbs edilən ikinci ölkə İrandır
# 11 dekabr 2012 16:57 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Jurnalistləri Müdafiəsi Komitəsi (Committee to Protect Journalists - CPJ) dünyada jurnalist həbsləri ilə bağlı illik hesabat yayıb.

APA-nın məlumatına görə, CPJ hesabatında 2012-ci ildə dünyada jurnalist həbsinin rekord saya çatdığını bildirib.

Sənəddə ən çox jurnalistin həbs edildiyi ölkələrin siyahısı açıqlanıb. 45 jurnalistin həbs edildiyi İran siyahıda ikinci yerdədir. Hesabatda yazılıb ki, İranda keçirilmiş ziddiyyətli 2009-cu il prezident seçkilərindən indiyədək jurnalistlərə təzyiqlər davam edir: “Həbs edilənlər arasında İran Qadınlar Klubu adlı internet saytının redaktoru da var. 1 il azadlıqdan məhrum edilən həmin jurnalist 2009-cu il seçkilərində rejimə qarşı yazdığı məqalələrinə görə həbs edilib. Onun həyat yoldaşı Bəhman Əhmədi Əmui də dövlətə qarşı fəaliyyətdə ittiham olunaraq 5 il həbs cəzasına məhkum edilib”.

CPJ hesabatının İranla bağlı hissəsində həbsdə ölən iranlı bloqqer Səttar Behişti haqqında da yazıb. Bildirilib ki, İranın milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham edilən bloqqer həbsindən bir neçə gün sonra ölüb: “Bloqqerlə birgə həbsdə olan məhkumlar 35 yaşlı S.Behiştinin istintaq zamanı döyüldüyünü, mütəmadi olaraq ölümlə təhdid edildiyini, qollarından və ayaqlarından asıldığını söyləyiblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR