Rəcəb Tayyib Ərdoğan İranın Türkiyənin Suriya ilə sərhədə yerləşdirəcəyi “Patriot” raketləri ilə bağlı narahatlığına münasibət bildirib

Rəcəb Tayyib Ərdoğan İranın Türkiyənin Suriya ilə sərhədə yerləşdirəcəyi “Patriot” raketləri ilə bağlı narahatlığına münasibət bildirib
# 19 dekabr 2012 04:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın rəsmi Ankaranın Suriya ilə sərhədə yerləşdirəcəyi “Patriot” raketləri ilə bağlı narahatlığına münasibət bildirib. APA-nın məlumatına görə, R. T. Ərdoğan deyib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin arabir belə açıqlamalarla çıxış etməsi artıq hər kəsə məlumdur: “Biz İran rəsmilərindən soruşduqda bunun onun öz fikirləri olduğunu deyirlər. Necə öz fikridirsə? Belə bir anlayış var. Ona görə də mənim bir baş nazir olaraq bu məsələyə münasibət bildirməyim heç də doğru deyil. Buna İran rəsmiləri lazım olan cavabı verməlidir. Çünki bizim aldığımız dövlət tərbiyəsi buna icazə vermir. Bu səbəbdən məsələnin üzərində daha çox dayanmağa ehtiyac yoxdur. Onun ““Patriot” raketləri III Dünya müharibəsinə gətirib çıxarar” fikrinə gəldikdə isə bunun qərarını da verəcək olanlar oradakı mütəxəssislər deyil”. Türkiyənin baş naziri həmçinin İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 17-də Konya şəhərində Həzrəti Mövlananın haqqa qovuşmasının 739-cü ildönümü münasibətilə keçirilmiş Şəbi Arus mərasimlərinə qatılmaq üçün planlaşdırılan səfərini təxirə salmasına da toxunub: “Bizdən dəvət etmək idi, biz də bunu etdik. Tədbirə qatılıb-qatılmamaq isə İranın təqdiridir. Rəsmi Tehran səfərin təxirə salınmasına aydınlıq gətirdi. Ancaq bunun “Patriot” raketləri ilə bağlı narazılıqdan qaynaqlandığı barədə bizə hər hansı bir şey bildirilmədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR