İspaniya Senatında Azərbaycana həsr olunmuş beynəlxalq konfrans keçirilib

İspaniya Senatında Azərbaycana həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 22 noyabr 2012 15:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfransda baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Ayaz Orucov, Zahid Oruc və Ceyhun Osmanlı iştirak edib.

Konfransda Senatın vitse-spikeri və Xarici Əlaqələr Komitəsinin sədri daxil olmaqla, 80-ə yaxın İspaniya senatoru və deputatı iştirak edib. Müzakirələrə İspaniyanın 70-ə yaxın akademik və professoru, elm xadimləri, media, QHT və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən E.Süleymanov Azərbaycan həqiqətləri, erməni işğalı barədə məlumat verib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan münaqişəsi, onun səbəbləri və nəticələri, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova isə “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxışlar ediblər.

Dinləmələrdə İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas, Senatın Xarici Əlaqələr və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso, Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitunun direktoru Xesus Salvador və İspaniya auditoriyasına bir müddət əvvəl Meksika parlamentində qəbul edilmiş Dağlıq Qarabağa dair rəsmi qətnaməni təqdim edən Meksika parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Xesus Ramirez Rangelin çıxışları olub. Çıxışlardan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri və İspaniya tərəfi mövzu ilə bağlı debat müzakirələrində iştirak ediblər.

Konfransdan əvvəl Madridə səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin İspaniya Senatının prezidenti Pio Garcia Escudero, Senatın vitse-prezidenti Xuan Xose Lukas və İspaniya xarici işlər və Əməkdaşlıq naziri Xose Manuel Qarcia-Marqallo ilə görüşüb. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət, o cümlədən Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR