QHT Əməkdaşlıq Alyansı “Freedom House” təşkilatının hesabatı ilə bağlı bəyanat yayıb

QHT Əməkdaşlıq Alyansı “Freedom House” təşkilatının hesabatı ilə bağlı bəyanat yayıb
# 14 dekabr 2012 12:37 (UTC +04:00)

Bakı-APA. “Əslində bu cür hesabatlar bütün ölkələrdə insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Lakin təəssüflə bildirməliyik ki, hesabatı hazırlayanlar qarşılarına başqa məqsəd qoyub, obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstəriblər. Azərbaycanın adının demokratik işartıların belə görünmədiyi ölkələrlə bir sırada çəkilməsi və “avtoritar rejimli ölkələr”ə aid edilməsi fikrimizi əyani şəkildə təsdiq edir”. Bu barədə QHT Əməkdaşlıq Alyansının “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatı barədə yaydığı bəyanatda bildirilib.

APA-ya daxil olan bəyanatda qeyd olunub ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları, demokratiya və vətəndaş cəmiyyəti ilə bağlı güclü qanunvericilik bazası formalaşdırılıb, siyasi partiya və qeyri-hökumət təşkilatları, çap, elektron və internet mediası sərbəst fəaliyyət göstərir.

50-dən çox qeyri-hökumət təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı hesab edir ki, “Freedom House” təşkilatının bu hesabatı Azərbaycandakı mövcud reallığı əks etdirmir və birtərəfli qaydada hazırlanıb. Düşünürük ki, hesabatda ölkələrə qarşı ikili münasibətin nümayiş etdirilməsi özünü beynəlxalq hüquq müdafiə təşkilatı adlandıran quruma əsla hörmət gətirmir: “Biz beynəlxalq səviyyədə insan hüquqlarına qiymət vermək istəyən bu təşkilatı ölkələrdəki vəziyyəti düzgün dəyərləndirməyə, informasiyaları daha dəqiq və qərəzsiz mənbələrdən əldə etməyə səsləyirik”.

Qeyd edək ki, “Freedom House” təşkilatının hesabatında Azərbaycan qeyri-azad ölkələr sırasında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR