Elmar Məmmədyarov: “Sülh sazişi hazırlandıqdan sonra ATƏT Minsk Qrupunun yeni görüşünü razılaşdırmalıdır”

Elmar Məmmədyarov: “Sülh sazişi hazırlandıqdan sonra ATƏT Minsk Qrupunun yeni görüşünü razılaşdırmalıdır”
# 06 dekabr 2012 09:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Azərbaycan – iqtisadi bum nəticəsində çiçəklənən ölkədir, lakin müasir dövlət quruculuğu cəhdləri təhlükəsizlik məsələləri səbəbindən məhdudlaşır”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun nüfuzlu The Wall Street Journal nəşrində dərc olunan məqaləsində öz əksini tapıb.

Nazir məqaləsində Avropa ilə enerji əməkdaşlığı, regional inkişaf, regionda gedən prosesləri ləngitmə kontekstində Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərə toxunub.

“Xəzər regionu gərginlikdən əziyyət çəkir, bu gərginlik siyasi problemlərdən açıq münaqişələrə keçə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropanın xeyrinədir. Azərbaycan Avropaya enerji daşıyıcıları nəql edən əsas ixracatçılardan birinə çevrilir. Avropanın Azərbaycanda və regionda iqtisadi maraqları enerji çərçivəsindən kənara çıxır. Hazırda Qafqazda stabilliyin olması Avropanın daxili təhlükəsizliyinin bir hissəsdir”.

XİN başçısı həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində Ermənistan regiondakı bütün infrastruktur və enerji layihələrindən təcrid olunub: “Biz Azərbaycan ərazilərinin bölünməsi ilə barışmayacağıq. Ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır, çünki beynəlxalq hüquq bunu tələb edir. Dağlıq Qarabağ münaqişəsi yalnız tərəflərin siyasi iradə nümayiş etdirəcəyi təqdirdə həll oluna bilər. Azərbaycan münaqişənin tez bir zamanda həllinin əsas tərəfdarıdır, biz regionumuzda stabil iqtisadiyyat və təhlükəsizlik yaratmağa can atırıq. Mən Dublində artıq indiyədək Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa ilə razılaşdırılmış məsələ üzrə irəliləyiş əldə etməyi və tərəqqiyə nail olmağı təklif edirəm. Müəyyən dövr ərzində hamını qane edən sülh sazişi hazırlandıqdan sonra ATƏT bütün tərəflərin iştirakı ilə Minsk Qrupunun yeni görüşünü razılaşdırmalıdır”.

Nazir məqaləsində qeyd edib ki, Qafqazda sülh - əməkdaşlıq və regional inteqrasiya üçün yeni imkanlar aça bilərdi: “Sülh şəraitində biz Avropanın digər hissəsinə çatmaq üçün daha sürətli templərlə inkişaf edə bilərdik. Dublin – bizim üçün sülh imkanıdır. Erməni həmkarlarımı bu imkanlardan bizimlə birlikdə yararlanmağa çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR