Azərbaycanda Hepatit C virusuna yoluxanların dəqiq sayı məlum deyil

Azərbaycanda Hepatit C virusuna yoluxanların dəqiq sayı məlum deyil
# 01 dekabr 2012 11:03 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda Hepatit C virusuna yoluxmuş insanların dəqiq sayı bəlli deyil. Yalnız o məlumdur ki, İİV-lə yaşayan insanların 62,4 faizində Hepatit C mövcuddur”. APA-nın xəbərinə görə, bunu Azərbaycanda BMT-nin İİV, QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, İİV-lə yaşayan insanlar arasında Hepatit C-yə yoluxmanın artmasına səbəb bu virusa yoluxan inyeksion narkotik istifadəçilərinin qeyri-steril vasitələrdən istifadə etməsidir: “Azərbaycanda inyeksion narkomanların rəsmi statistikası reallığı əks etdirmir. Bu rəqəm rəsmi statistikadan ən azı 5-7 dəfə çoxdur. İndi Azərbaycanda 16 minə yaxın rəsmi qeydiyyata alınmış inyeksion narkotik istifadəçisi var”.

C. Cərrahova qeyd edib ki, İİV kimi Hepatit C də tam müalicə olunan xəstəlik deyil. Bu xəstəliyin ağır mərhələsində bir kurs müalicənin aparılması 10 min manatdan baha başa gəlir. Azərbaycan Nazirlər Kabinetinin İİV-lə yaşayan insanların müayinə və müalicəsi ilə bağlı 62 saylı qərarında Hepatit C-yə yoluxmuş insanlarla bağlı da bənd var. Lakin hələlik Hepatit C-yə yoluxmuş insanların müalicəsi üçün dövlət tərəfindən vəsait ayrılmır və Hepatit C-yə yoluxan insan şəxsi vəsaiti hesabına müalicə alır.

C. Cərrahovanın sözlərinə görə, heç bir dövlət qurumu bu qədər xərci öz boynuna götürə bilməz: “Ona görə də dünyada qəbul olunmuş praktika Azərbaycanda da tətbiq olunmalıdır. Məncə, bu problemin ən yaxşı həll yolu səhiyyə sahəsində islahatların aparılması və icbari tibbi sığorta sisteminin tətbiq olunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR