Ramin Mehmanpərəst: “NATO-nun Türkiyədə “Patriot” raketləri yerləşdirməsi təhrikedici hərəkətdir”

Ramin Mehmanpərəst: “NATO-nun Türkiyədə “Patriot” raketləri yerləşdirməsi təhrikedici hərəkətdir”
# 18 dekabr 2012 11:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “NATO-nun Türkiyə-Suriya sərhədinə “Patriot” raketləri yerləşdirməsi təhrikedici hərəkətdir”. APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

İran rəsmisi Qərb ölkələri və NATO-nun keçmişdə də bölgədəki varlığına toxunaraq, region dövlətlərini həssas və tədbirli hərəkət etməyə çağırıb: “Bütün bölgə ölkələri regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərməlidir. Hər hansı bir təxribat xarakterli hərəkət bölgə ölkələrinin mənafeyinə ziddir. Bu məsələ ilə bağlı Türkiyə rəsmilərinə tövsiyələrimizi bildirmişik. Qeyri-sabit vəziyyət yaradacaq hər cür hərəkətdən qaçınılmalıdır”.

R.Mehmanpərəst həmçinin İran prezidenti Mahmud Əhmədinejadın dekabrın 17-də Türkiyəyə planlaşdırılan səfərini daxili proqram səbəbindən təxirə saldığını vurğulayıb.

İran rəsmisi Qərb ölkələrinin son iki ildəki planlarının alt-üst edildiyini deyərək, ölkəsinə hərbi müdaxilə ehtimalının sıfıra bərabər olduğunu söyləyib: “Dünya böyük bir dəyişikliyə uğrayır və güc tarazlığı dəyişməkdədir. Artıq Qərbin günəşi batmaqda və müsəlman dünyasının gücü artmaqdadır. Ona görə də imperialist qüvvələr və sionistlərin ilk hədəfi İrandır. Ancaq ölkəmizə qarşı hər hansı bir hücuma dağıdıcı cavab verəcəyik”.

R.Mehmanpərəst həmçinin bildirib ki, Böyük Britaniyada ali təhsil alan İran vətəndaşı Nəsrullah Tacik ABŞ-ın təzyiqi ilə 6 il evdə həbsdə saxlanılıb: “İran N.Tacikə qarşı irəli sürülmüş ittihamlardan narahatdır və bu hərəkət dürüst olmayan bir davranışdır. Çünki İran vətəndaşı ABŞ tərəfindən təşkil edilmiş planın qurbanı olub”.

İran rəsmisi deyib ki, N.Tacik bu gün axşam Tehranda olacaq və onu İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi qarşılayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR