TANAP layihəsinin icrası ilə bağlı şirkət yaradılıb

TANAP layihəsinin icrası ilə bağlı şirkət yaradılıb
# 03 dekabr 2012 08:46 (UTC +04:00)

«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, artıq TANAP şirkəti yaradılıb, işçilər qəbul olunub, kəmərin keçəcəyi torpaqların müəyyənləşdirilməsi prosesi gedir və layihənin ekoloji təsirlə bağlı hesabatı hazırlanır.

R.Abdullayev qeyd edib ki, Azərbaycanın “Şahdəniz-2” layihəsi üzrə tərəfdaşlarından BP, «Statoil» və «Total» şirkətləri də layihəyə maraq göstərir: «Onlarla da müvafiq danışıqlar gedir».

Azərbaycan prezidenti İlham Əliyevin BP şirkətinə ünvanlanmış tənqidlərindən sonra yaranmış vəziyyəti şərh edən ARDNŞ prezidenti BP ilə birlikdə işləməyə davam etdiklərini söyləyib: «Hazırda ekspert komissiyası tərəfindən 2013-cü ilin proqramının hazırlanması üzrə işlər aparılır».

Xatırladaq ki, iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düyüm və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin «BOTAŞ» və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni «Şahdəniz» Konsorsiumundakı tərəfdaşlarına - BP, «Statoil» və «Total» şirkətlərinə təklif edib. BP və «Statoil» bu layihədə hərəyə 12%, «Total» şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR