İran Qəzzaya “Fəcr-5” raketləri göndərməsini inkar etməyib

İran Qəzzaya “Fəcr-5” raketləri göndərməsini inkar etməyib
# 20 noyabr 2012 13:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Noyabrın 18-19-da Tehranda Suriyadakı böhranın həlli məqsədilə “Zorakılığa xeyr, demokratiyaya bəli” adı altında bu ölkənin iqtidarı, müxalifəti və müxtəlif təbəqələri arasında keçirilmiş milli dialoq davam etdiriləcək.

APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, tədbir iştirakçıları dialoqun davam etdirilməsinin, zorakılığın durdurulmasının, Suriyanın daxili işlərinə qarışılmamasının vacib olduğunu deyərək, ölkəyə xarici müdaxiləyə qarşı çıxıblar: “Tərəflər öz təkliflərini və planlarını baxıldıqdan sonra Suriya hökumətinə göndərmək qərarına gəliblər”. R.Mehmanpərəst deyib ki, Tehran görüşünün ən önəmli nəticələrindən biri də birgə komissiyanın yaradılması olub: “Komissiyanın əsas işi növbəti görüşün yaxın zamanlarda keçirilməsinə nail olmaqdır. Tədbir iştirakçıları isə növbəti dialoqun Suriyada keçirilməsini təklif ediblər”.

İran XİN-in mətbuat katibi vurğulayıb ki, İsrailin Qəzzaya hücumunun başlamasından sonra İran müsəlman ölkələri ilə təmaslar qurub, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cibutidə keçirilən toplantısında müxtəlif görüşlər keçirib, beynəlxalq və regional təşkilatlara məktublar göndərib: “Eyni zamanda İran prezidenti Mahmud Əhmədinejad misirli həmkarı Məhəmməd Mursi ilə bu mövzuda fikir mübadiləsi aparıb”.

R.Mehmanpərəst “Fəcr-5” raketlərinin İran tərəfindən Qəzzaya göndərilməsi məsələsinə də münasibət bildirib: “İsrail bütün təchizatları ilə cinayət işləyir. Ona görə də məzlum Fələstin xalqına kömək etmək bütün müsəlman ölkələrinin vəzifəsidir”.

İran XİN-in mətbuat katibi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında aparılan nüvə müzakirələrinə də toxunub: “Müzakirələrin müsbət nəticələnməsi agentlikdən asılıdır. Dekabrın 13-də növbəti müzakirələr keçiriləcək. İran AEBA təmsilçilərindən ciddi, məntiqli davranış gözləyir. Biz nüvə enerjisindən dinc istifadə hüququmuzun təmin edilməsini istəyirik”.

R.Mehmanpərəst əlavə edib ki, İran “altılıq” ölkələri ilə konstruktiv danışıqlar aparmağa hazırdır: “Əgər “altılıq” ölkələri yanlış mövqeyini məntiqli yanaşmaya dəyişərsə, biz qarşılıqlı anlaşma əldə edə bilərik. Nəticədə bütün problemlər aradan qalxar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR