Azərbaycan parlamentinin sədri Sudanın hakim partiyasının vitse-prezidenti ilə görüşüb - FOTO

Azərbaycan parlamentinin sədri Sudanın hakim partiyasının vitse-prezidenti ilə görüşüb   - <span style="color: red;">FOTO
# 24 noyabr 2012 14:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Bakıda səfərdə olan Sudan prezidentinin köməkçisi və Sudanın hakim Milli Konqres Partiyasının vitse-prezidenti Nafie Əli Nafie Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan ilə Sudanın dost və qardaş ölkələr olduğunu qeyd edən O.Əsədov Sudanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və gələn il hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamamlanacağını bildirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən spiker qeyd edib ki, Azərbaycan bu problemi başqa yolla da həll edə bilər: «Lakin biz, hələ də münaqişənin sülh yolu ilə həllinə üstünlük veririk. İslam Konfransı Təşkilatı Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə təşkilata üzv ölkələrə müraciət edib. İnanırıq ki, Sudan parlamenti də bu məsələdə öz sözünü deyəcək, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, problemin sülh yolu ilə həlli ilə bağlı mövqeyini bundan sonra da dəyişməyəcəkdir». Milli Məclisin sədri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlük məsələsində göstərdiyi dəstəyə görə bir daha Sudan tərəfinə minnətdarlığını bildirib.

Nafie Əli Nafie Əhməd Azərbaycana səfərindən və hakim Yeni Azərbaycan Partiyası tərəfindən yüksək səviyyədə təşkil olunmuş ICAPP-ın VII Baş Assambleyasında iştirakdan məmnun qaldığını bildirib. Sudan Milli Konqres Partiyasının Afrika qitəsindən bu tədbirdə iştirak edən yeganə təşkilat olduğunu vurğulayan qonaq Sudan dövləti və onun prezidenti həm ICAPP çərçivəsində, həm də ikitərəfli formatda Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib: «Sudan dövlətinin başçısı bizim bu səfərimizə böyük önəm verir. Onun tövsiyələrinə uyğun olaraq Bakıda bir sıra görüşlər keçirmişik və əməkdaşlığımızın daha da genişlənməsinə dair olduqca səmərəli danışıqlar aparmışıq. Düşünürəm ki, Milli Məclisdəki görüşümüz də parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcək».

Sonra parlamentlərarası dostluq qruplarının yaradılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, qanunverici orqanlar arasında təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov, deputat Asəf Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR