Elmira Süleymanova Beynəlxalq Ombudsmanlar İnstitutunun 10-cu Dünya konfransında iştirak edib

Elmira Süleymanova Beynəlxalq Ombudsmanlar İnstitutunun 10-cu Dünya konfransında iştirak edib
# 26 noyabr 2012 23:41 (UTC +04:00)

Bakı-APA. Yeni Zelandiyanın Velinqton şəhərində “XXI əsrdə Ombudsmanın rolu” mövzusunda Beynəlxalq Ombudsmanlar İnstitutunun 10-cu Dünya konfransı keçirilib.


Beynəlxalq tədbirə bir sıra ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının təmsilçiləri, insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.


Beynəlxalq Ombudsmanlar İnstitutunun üzvü olan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova MDB ölkələrindən yeganə Ombudsman olaraq bu toplantıda iştirak edib.


Ombudsman Aparatından APA-ya verilən məlumata görə, forumda insan hüquqlarının müdafiəsi və təmin olunmasının müxtəlif aspektləri müzakirə olunub.


Plenar sessiyalarda səmərəli idarəetmə, insan hüquqlarının təşviqi, ombudsmanın insan hüquqlarının müdafiəsində rolu və digər mövzularda məruzələr dinlənilib.


Konfrans ərəfəsində Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş Assambleyası keçirilib. Beynəlxalq tədbir çərçivəsində insan hüquqlarının aktual problemləri üzrə tematik sessiyalar təşkil olunub.


Azərbaycan ombudsmanı plenar iclaslarda, bir neçə sessiyada, müzakirələrdə və fikir mübadiləsində fəal iştirak edib. O, Ermənistanın ölkəmizə qarşı uzunmüddətli təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsinin zəbt olunduğunu, milyon nəfərədək dinc əhalinin etnik təmizləmə nəticəsində qaçqına, habelə hərbi əməliyyatlar nəticəsində öz ölkəsində məcburi köçkünə çevrildiyini, bu zaman onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu diqqətə çatdırıb.


Konfrans çərçivəsində Beynəlxalq Ombudsmanlar İnstitutunun rəhbərliyi seçilib. Konfrans iştirakçıları Beynəlxalq Ombudsmanlar İnstitutunun yeni əsasnaməsini qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR