Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayələr son bir ildə 24% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayələr son bir ildə 24% artıb
# 14 dekabr 2012 13:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,6 mlrd. manat həcmində vəsait yönəldilib, 7,6 mlrd. manatlıq tikinti-quraşdırma işləri görülüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsaslı vəsaitin 77,2%-ni və ya 9,7 mlrd. manatını daxili investisiyalar təşkil edib: «Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 24%, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 22,7% artıb. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 45,1%-i, yaxud 5,7 mlrd. manat sərf olunub».

Komitədən həmçinin bildirilib ki, inşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 11 ay ərzində 5 468,9 mln. manatından istifadə olunub.

Qeyd edək ki, ilin əvvəlindən ümumi sahəsi 1 559,5 min kv. metrə bərabər yaşayış evləri, 29 908 şagird yerlik ümumtəhsil məktəbləri, 15 çarpayılıq xəstəxana, növbədə 861 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 985 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub və ölkənin müxtəlif şəhər və rayonlarında müxtəlif tipli obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR