Azərbaycan sığorta bazarı son bir ildə 62% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 62% artıb
# 17 dekabr 2012 10:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 312,969 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 62,1% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 47,5% artaraq 82,536 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 4,4 dəfə artaraq 13,817 mln. manat, qeyri-həyat sığortası üzrə 28,1% artaraq 179,515 mln. manat, icbari sığorta növləri üzrə isə 2,4 dəfə artaraq 119,637 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (68,586 mln. manat), «Tibbi sığorta» (52,257 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (52,159 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (32,735 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (20,805 mln. manat), «Yüklərin (nəqliyyat) sığortası» (14,798 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (15,189 mln. manat) növləri üzrə toplanıb.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi təxminən 16,2 dəfə artaraq 3,033 mln. manata, qeyri-həyat sığortası üzrə 36,6% artaraq 63,963 mln. manata, icbari sığorta növləri üzrə isə 74,2% artaraq 15,540 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (35,651 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (20,557 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,553 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (5,523 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,319 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR