Azərbaycan Dövlət Neft Fondu Londonda daşınmaz əmlak alıb

Azərbaycan Dövlət Neft Fondu Londonda daşınmaz əmlak alıb
# 17 dekabr 2012 14:19 (UTC +04:00)

Fonddan «APA-Economics»ə verilən məlumata görə, ARDNF Londonun Vest End səmtində, Seynt Ceyms,78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq olan ofis kompleksini alıb.

Binanın alqı-satqı prosesində satıcı qismində «Deutsche Bank»ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan «RREEF Real Estate», Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi Klifford Çans, broker qismində isə «Cons Lanq Lasal» şirkəti çıxış edib.

Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi,78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. Qeyd edilir ki, 1845-ci ildə tikilən bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunub və «A» tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılıb. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 mln. funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilib. Qeyd edilən bank hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı qeyd edib ki, bir çox Suveren Fondlar hazırda investisiya risklərinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirir. «Son zamanlar ARDNF-in həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artır. Londonda yerləşən bu binanın alınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır», - deyə ARDNF başçısı bildirib.

Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Bu ilin dekabrın 1-nə ARDNF-in vəsaitlərinin ümumi həcmi 33,895 mlrd. dollar təşkil edib. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il oktyabrın 27-də fərmanı ilə dəyişikliklər edilmiş «ARDNF-in valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar»a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, daha 5%-ə qədəri də daşınmaz əmlaka yatırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR