Milli komandamızın futbolçusu icazəsiz müsahibə verdiyi üçün cəzalanıb

Milli komandamızın futbolçusu icazəsiz müsahibə verdiyi üçün cəzalanıb
# 21 dekabr 2012 13:47 (UTC +04:00)

Bakı – APA. “Ruslan Abışov rəhbərlikdən icazə almadan müsahibə vermişdi. Həmin müsahibədə yersiz fikirlər səsləndirdiyi üçün ona cərimə kəsilib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Millimizin də üzvü olan Abışovun qış fasiləsində “ağ-yaşıllar” ayrılacağı və “Rubin”ə keçəcəyi bildirilir.

Nadirovun sözlərinə görə, Ruslan müsahibəsində düzgün olmayan ifadələr deyib: “Deyir ki, “Xəzər Lənkəran”a kömək edirəm. Birincisi, Ruslan komandamızdan pul alıb oynayır. İkincisi, “Xəzər Lənkəran”ın heç kimin köməyinə ehtiyacı yoxdur. Ruslan bizim futbolçudur və gördüyü işə görə məvacib alır. Nizam-İntizam Məcəlləmizdə müvafiq bənd var ki, ona uyğun cəzalanıb”.

Futbolçularının əcnəbi klublara keçidində maraqlı olduğunu vurğulayan vitse-prezident rəsmi müraciət olacağı halda, bu məsələyə baxılacağını mümkün sayır: “Ruslan gənc, perspektivli, gələcəyi parlaq futbolçudur, millimizin üzvüdür. Təbii ki, heyətimizdə hər hansı bir futbolçunu xaricdən istəyən olsa, biz onun gedişinə heç bir çətinlik yaratmayacağıq. “Xəzər Lənkəran” olaraq istəyərik ki, hər bir azərbaycanlı xaricdə layiqli çıxış etsin. Amma hansısa ölkənin III divizionda yox. Futbolçular yüksək liqada “Xəzər Lənkəran”ın yox, Azərbaycanın adını təmsil etsin, tanıtdırsın”.

Qeyd edək ki, lənkəranlılar Ruslanı bu yay transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR