Berti Foqts: “Belfasta qələbə dalınca gəlmişik”

Berti Foqts: “Belfasta qələbə dalınca gəlmişik”
# 13 noyabr 2012 15:41 (UTC +04:00)

Belfast-APA. “Həm Bakı, həm də Belfastdakı hazırlıqdan çox razıyam. Ancaq bu bir məşqdir, sabah isə oyun var. Bunlar arasında böyük fərq var”. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Şimali İrlandiya yığması ilə matçdan öncə ənənəvi mətbuat konfransı təşkil edib. Foqts bildirib ki, Belfasta qələbə ardınca gəliblər: “Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular arasında münasibət yaxşıdır. Bu mənada indiyədək olan hazırlıqdan çox razı qalmışam. Baxmayaraq ki, 7 futbolçu yoxdur. Onlar əsas heyətin oyunçularıdır. Mən 4 il öncə Azərbaycana gələndə oyunçu az idi. Ancaq indi bu qədər itkilər olsa da, heyətimdə futbolçular var. Bu, inkişafı göstərir. Bura qələbə dalınca gəlmişik. Belə rəqibə qarşı çox mübarizə aparmalıyıq. Şimali İrlandiya Portuqaliyadan 1 xalla qayıdıb”.

Baş məşqçi hava şəraitini də problem sayır: “Azərbaycanda nadir hallarda belə hava olur. Buradakı ot örtüyü sürətli oynamağa imkan var. Azərbaycanda isə belə ot örtüyü yoxdur. Rəqibi təhlil etmişik, futbolçular görüblər. Bəziləri sakit olublar. Oyunçular bilir ki, sabah bizi nə gözləyir. Rəqibin futbolçularının hansı klublarda oynadığına baxanda, komandanın səviyyəsi aydın olur. Əsas ilk dəqiqələrdən necə oyun nümayiş etdirəcəyimizdir. Rəqibə ilk 20 dəqiqədə oyunumuzu diqtə etməliyik. Bu, çox çətin olacaq. Şimali İrlandiya hava mübarizələrinə üstünlük verib, başla qol vurmağa çalışacaq. Futbolçular oyuna baxanda daha yaxşı dərk edirlər. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, 1 dəfə görmək daha yaxşıdır”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR