Azərbaycan Dövlət Neft Fondu Rusiya rubluna sərmayələrini kəskin artırır

Azərbaycan Dövlət Neft Fondu Rusiya rubluna sərmayələrini kəskin artırır
# 21 noyabr 2012 09:57 (UTC +04:00)

Artıq gələn ilin əvvəlində Fondun rublda ifadə olunan aktivlərin 5 dəfə artırılaraq 500 mln. ABŞ dollarına çatdırılması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Y.Şedrin qeyd edib ki, artıq bu il ARDNF Rusiyanın ən iri banklarından olan «Qazprombank»a 3 mlrd. rubl (təxminən 100 mln. dollar) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlayıb: «Yaxın vaxtlarda bu həcmin 500 mln. dollara çatdırılması planlaşdırılır. Hazırda Fondun Rusiyanın VTB, «Sberbank», «Vneşekonombank», «Rosselxozbank» kimi bank təşkilatları ilə apardığı danışıqlar artıq başa çatmaq üzrədir. Yəqin ki, bu sərmayələr gələn ilin əvvəlində həyata keçiriləcək».

Bununla yanaşı, Rusiyanın ticarət nümayəndəsi vurğulayıb ki, ARDNF Rusiya bazarında daşınmaz əmlaka da sərmayə yatırmaq niyyətindədir: «Fond Moskva şəhərində daşınmaz əmlak almağı planlaşdırır. Bu, restoran və ya mehmanxana kimi obyektlər deyil, ciddi obyektlərdir. Və burada söhbət bir deyil, bir neçə iri obyektin alınmasından gedir».

Qeyd edək ki, «2012-ci ildə ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)»na (investisiya siyasəti) əsasən, Fondun vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, ARDNF-in Rusiyanın «Tverskaya,16» MMC arasında Moskvada yerləşən «Qalereya Aktyor» ticarət mərkəzinin alınmasına dair aparılan danışıqlar artıq başa çatıb. Hazırda tərəflər bu sövdələşmənin Rusiya Federal Antiinhisar Xidməti tərəfindən təsdiqlənməsini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR