Azərbaycan və Argentina vergi məlumatlarının mübadiləsi haqqında saziş imzalayıb

Azərbaycan və Argentina vergi məlumatlarının mübadiləsi haqqında saziş imzalayıb
# 17 dekabr 2012 11:13 (UTC +04:00)

Nazirliyin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə vergilər naziri Fazil Məmmədov Azərbaycan iqtisadiyyatının bütün sahələri, xüsusilə qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, bu sahədən daxil olan büdcə gəlirlərinin artdığını bildirib. Nazir Azərbaycan hökumətinin qeyri-neft sektorunun təkcə paytaxtda deyil, bütün regionlarda inkişafına böyük əhəmiyyət verdiyini qonaqların diqqətinə çatdıraraq həyata keçirilən vergi islahatları barədə də ətraflı məlumat verib, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlərdən, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən danışarkən elektron hökumət quruculuğu istiqamətində görülən işlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Argentina Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri R.Eçeqaray Azərbaycanın həm Avropa, həm də şərq ölkələri ilə yaxşı əlaqələr qurduğunu, son illər isə Amerika qitəsi ölkələri ilə sıx əlaqələr qurmaqda maraqlı olmasını müsbət qiymətləndirdiyini bildirib və iki ölkə arasında iqtisadi, sosial və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib. Vergi inzibatçılığı sahəsində məlumat və təcrübə mübadiləsinin vacibliyini xüsusi qeyd edən R.Eçeqeray bildirib ki, hər iki ölkənin bu sahədə topladığı təcrübə olduqca əhəmiyyətlidir və əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Argentina tərəfi daha böyük nailiyyətlər əldə edə bilər.

Konkret olaraq o, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin ən fəal üzvlərindən biri olan Argentina Dövlət Gəlirləri Federal Administrasiyasının neft və qızıl hasilatından vergilərin toplanması sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını qeyd edib. İkitərəfli görüşdən sonra Azərbaycan və Argentina hökumətləri arasında vergi məlumatlarının mübadiləsi haqqında sazişi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR