Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il rekord həddə çatacaq

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi bu il rekord həddə çatacaq
# 21 noyabr 2012 11:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunadək Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yeni rekord həddə çata bilər. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi son 5 il ərzində 2 dəfəyə yaxın artıb: «Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi Rusiya Statistika Komitəsinin məlumatlarına əsasən, 2 315,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 13,1% çoxdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə, iki ölkə arasında hesabat dövründə ticarət dövriyyəsi ötən ilin ilk 9 ayına nisbətən 26,8% azalaraq 1 554,2 mln. dollar təşkil edib. İki ölkənin statistika qurumlarının rəqəmlərindəki fərq bu təşkilatların istifadə etdiyi metodikadan irəli gəlir. Ümumiyyətlə, dünya praktikasında bu cür hallara rast gəlinir».

Y.Şedrin onu da qeyd edib ki, 2011-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb və 3 mlrd. dollardan bir qədər artıq olub: «Rusiya Statistika Komitəsinin proqnozlarına görə, bu il ticarət dövriyyəsi 3,1 mlrd. dollara çatacaq. Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi hər ay orta hesabla 300 mln. dollar təşkil edir».

Y.Şedrin həmçinin bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: «İki ölkə bir sıra sahələr üzrə əməkdaşlıq edir və bu əməkdaşlıq ildən-ilə inkişaf edir».

Rusiyanın taxıl ixracına qoyduğu embarqodan söz açan Y.Şedrin qeyd edib ki, bu səbədən Azərbaycan ölkəyə idxal etdiyi taxılın 90%-ni Qazaxıstandan tədarük edir və yalnız idxalın 9%-dən bir qədər çoxu Rusiyanın payına düşür: «Ümid edirəm ki, bu sahədə əməkdaşlıq yenidən bərpa olunacaq və Rusiya Azərbaycana ixrac etdiyi taxılın həcmini artıracaq».

Y.Şedrin Rusiyanın Azərbaycandan təbii qaz idxalına da toxunub və bildirib ki, bu ilin 10 ayı ərzində Azərbaycan Rusiyaya 1 mlrd. kubmetr qaz ixrac edib: «Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, ildə 3 mlrd. kubmetr qaz ixracı mümkündür, lakin tərəflər bu həcmə hələ yaxınlaşmayıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR