Azərbaycandakı Gürcüstan azərbaycanlıları cərimədən azad olunacaq

Azərbaycandakı Gürcüstan azərbaycanlıları cərimədən azad olunacaq
# 06 dekabr 2012 12:43 (UTC +04:00)

Bakı Aynur Qəniyeva - APA. “Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edən Gürcüstan azərbaycanlıları qısa müddətdə tətbiq olunmuş cərimədən azad olunacaqlar”. APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan azərbaycanlılarının bir qrup nümayəndəsi Bakıya səfəri çərçivəsində Azərbaycanda yaşayan borçalıların bir sıra problemlərinin həlli üçün təhsil nazirinin müavini Qulu Novruzov, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşüblər: “Bu görüşlər nəticəsində Borçalıda yaşayan soydaşlarımızın Azərbaycana rahat gediş-gəlişinin təmin olunması üçün DÖvlət Miqrasiya Xidməti ilə bir sıra razılıqlar əldə olunub. Xidmətin rəisi Firudin Nəbiyev söz verib ki, ərizə ilə müraciət edən Gürcüstan azərbaycanlıları qısa müddətdə tətbiq olunmuş cərimədən azad olunacaqlar”.

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev qeyd edib ki, Bidzina İvanişvilinin baş nazir seçilməsindən sonra Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli üçün bir sıra addımlar atılıb və qısa müddətdə konkret nəticələr əldə olunacağı gözlənilir. Ə.Babayev Gürcüstanda müsəlmanların məqsədli şəkildə parçalandığını, acar Cemali Pakzadzenin başçılıq etdiyi “Gürcüstan Müsəlmanları İdarəsi” adlı qeyri-hökumət təşkilatının ləğvi məsələsinin yaxın günlərdə Gürcüstanın dövlət orqanları qarşısında qaldırılacağını bildirib.

“Qeyrət” xalq hərəkatının lideri Əlibala Əsgərov Borçalıda yaşayan soydaşlarımızın məktəb çatışmazlığından əziyyət çəkdiyini, Gürcüstanda azərbaycanlı müəllimlərin sayının azlığının həmyerlilərimiz arasında savadsızlığı artıran əsas amil olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR