Hafiz Səfixanov: “BMT nümayəndəlikləri minaların təmizlənməsinə dair mövcud konvensiyaların icrası üçün heç bir iş görməyib”

Hafiz Səfixanov: “BMT nümayəndəlikləri minaların təmizlənməsinə dair mövcud konvensiyaların icrası üçün heç bir iş görməyib”
# 30 noyabr 2012 12:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, vəziyyət belə davam etdikcə Azərbaycan və Ermənistanda minalardan zərər çəkənlərin sayı azalmayacaq: “Ən çox ağırlıq isə Azərbaycanın üzərinə düşür. Çünki hərbi əməliyyatların demək olar ki, bütün hissəsi Azərbaycan ərazilərində gedib. Buna görə də BMT-nin rezident-əlaqələndiriciləri bu ölkələrin adıçəkilən konvensiyaya birgə imza atması istiqamətində irəliləyiş əldə olunmasına cəhd etməlidirlər”. O, Türkiyə ilə Yunanıstanın uzun sürən münaqişədən sonra birlikdə minaların tətbiqini qadağan edən konvensiyalara qoşulduqlarını da xatırladıb.

H. Səfixanov, həmçinin bildirib ki, Azərbaycan Kasetli Silahların Ləğv edilməsinə dair Konvensiyaya, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın Ottava konvensiyasına, həmçinin “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında 1997-ci il BMT Konvensiyasına qoşulmayıb. Buna baxmayaraq Azərbaycan bu Konvensiyanın tələb etdiyi bəzi məsələləri həll etməkdədir. H. Səfixanov Azərbaycanın minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırdığını, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının həyata keçirdiyini və mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər gördüyünü də söyləyib.

O əlavə edib ki, hər gün 500 min Azərbaycan vətəndaşının mina və partlamamış hərbi sursat təhlükəsi ilə rastlaşmaq ehtimalı mövcuddur: “Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çox olmasını nəzərə alaraq Minalar Əleyhinə Azərbaycan Kampaniyası inanır ki, hər iki ölkə bu məsələni bir daha nəzərdən keçirərək bu Konvensiyaya qoşulacaq və ölkədə minaların yaratdığı problemlər birdəfəlik həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR